Özbəkistan Prezidenti Donald Trampı Daşkəndə DƏVƏT ETDİ
Sentyabrın 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub .
Ajans.az xəbər verir ki, liderlər Özbəkistan-ABŞ strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin praktiki aspektlərini ətraflı müzakirə ediblər.
ABŞ Prezidenti Özbəkistanda son illər iqtisadiyyatın modernləşdirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirib və dəstəkləyib.
Mirziyoyev də öz növbəsində Donald Trampı ABŞ administrasiyası tərəfindən həyata keçirilən daxili və xarici siyasətin möhtəşəm nəticələri münasibətilə səmimi qəlbdən təbrik edib. Beynəlxalq və regional münaqişələrin sülh yolu ilə həllinə, qlobal təhlükəsizlik və sabitliyin təmin olunmasına Amerika tərəfinin töhfəsi və səyləri xüsusi qeyd olunub.
İki ölkə arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Prioritet sektorlarda işgüzar əməkdaşlıq layihələrinin təşviqi və ticarət əməliyyatlarının həcminin köklü şəkildə artırılması məsələləri nəzərdən keçirilib.
Qeyd olunub ki, bu ay ABŞ-ın aparıcı şirkətləri və təşkilatları ilə uzunmüddətli və davamlı tərəfdaşlıq əlaqələrinin qurulması üçün bir sıra ikitərəfli görüşlər və danışıqlar aparılacaq.
Özbəkistan millisinin gələn il ABŞ-da keçiriləcək dünya çempionatında ilk dəfə iştirak edəcəyi məmnunluqla qeyd olunub. ABŞ lideri Özbəkistan millisinə uğurlar arzulayıb.
Telefon danışığı zamanı dövlət başçıları aktual beynəlxalq məsələlər, o cümlədən Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında “C5+1” formatında regional əməkdaşlığın dərinləşdirilməsinə dair də fikir mübadiləsi aparıblar.
Dövlət başçısı Donald Trampı onun üçün əlverişli vaxtda Özbəkistana rəsmi səfərə dəvət edib.
Praktiki əməkdaşlıq üçün layihə və proqramların təşviqi məqsədilə yüksək səviyyəli dialoqların davam etdirilməsi razılaşdırılıb.