Zelenski: Macarıstan Ukraynanın Aİ-yə daxil olmasına mane olur
Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstanı Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü əngəlləməkdə ittiham edib. O bildirib ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olma prosesini faktiki olaraq ləngidir, halbuki bunun üçün hər hansı əsas yoxdur.
Ajans.az xəbər verir ki,bu barədə Novosti.LIVE məlumat yayıb.
Prezidentin sözlərinə görə, Ukrayna Aİ-yə üzvlük üçün bütün tələb olunan meyarlara cavab verir. Zelenski həmçinin qeyd edib ki, bu məsələ ABŞ prezidenti Donald Trampla son söhbəti zamanı da gündəmə gəlib.
"Tramp mənə Ukraynanın Aİ-yə üzvlük prosesinin qarşısının alınmasına imkan verməyəcəyinə söz verdi", – deyə Ukrayna lideri vurğulayıb.
Zelenskinin bu açıqlaması fonunda Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkənin Aİ-yə üzv olması ilə bağlı mümkün nəticələrdən ehtiyat edirdi. Putinin sözlərinə görə, Ukraynanın Aİ-yə qoşulması Kiyevlə Moskva arasında əlaqələrin kəsilməsinə gətirib çıxara bilərdi.
Bununla yanaşı, Putin qeyd edib ki, Rusiya Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxmayıb. Lakin NATO-ya üzvlük məsələsində Moskva prinsipial mövqe tutur. Onun sözlərinə görə, Ukraynanın alyansa daxil olması Rusiyanın maraqları nəzərə alınmadan ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş cəhddir.
Xatırladaq ki, Macarıstan hökuməti Aİ-nin Ukraynaya dair bir sıra qərarlarında fərqli mövqe nümayiş etdirərək Kiyevlə Brüssel arasında inteqrasiya prosesini ləngidən addımlar atıb. Bu isə Avropa İttifaqı daxilində ciddi müzakirələrə səbəb olub.