Sudanda torpaq sürüşməsi: Azı 1000 nəfər həlak olub
Sudanın qərbində, Marra dağlarında baş verən torpaq sürüşməsi nəticəsində azı 1000 nəfərin öldüyü bildirilir.
Ajans.az xəbər verir ki,bu məlumatı bölgədə fəaliyyət göstərən Sudan Azadlıq Hərəkatı/Ordusu silahlı qruplaşması yayıb.
Qrupun açıqlamasına görə, günlərlə davam edən güclü yağış bazar günü sürüşməyə səbəb olub. Tarasin kəndinin böyük hissəsi dağıntılar altında qalıb, yalnız bir nəfərin sağ qaldığı deyilir.
Silahlı qruplaşma BMT-yə və beynəlxalq humanitar təşkilatlara təcili yardım çağırışı edib. Şimali Darfur qubernatoru Minni Minnavi hadisəni “humanitar faciə” adlandıraraq beynəlxalq ictimaiyyəti dərhal müdaxiləyə dəvət edib.
Marra dağları bölgəsi hazırda Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edən müharibədən qaçan minlərlə insanın sığındığı ərazi sayılır. 2023-cü ilin aprelində başlayan vətəndaş müharibəsi ölkəni dərin humanitar böhrana sürükləyib. ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, indiyədək 150 minədək insan həlak olub, təxminən 12 milyon nəfər isə evlərini tərk edib.
Sudan Azadlıq Hərəkatı/Ordusu bölgədə RSF-yə qarşı ordunun tərəfində vuruşduğunu bəyan edib. Yerli sakinlər isə RSF və müttəfiq milisləri Darfurun etnik müxtəlifliyini dəyişməkdə ittiham edirlər.