Tokayev: Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakət həddindədir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi ilə bağlı vəziyyətin ekoloji fəlakətə yaxın olduğunu bildirib.
Ajans.az xəbər verir ki ,o, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı deyib. Məlumatı prezidentin mətbuat xidməti yayıb.
Tokayev sammitdə ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib. Dövlət başçısı qeyd edib ki, Xəzər dənizi məsələsi təşkilat çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet mövzu ola bilər.
Prezident həmçinin xatırladıb ki, yaxın günlərdə BMT Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üzrə Davamlı İnkişaf Mərkəzi açılıb. Tokayev əlavə edib ki, 2026-cı ilin aprelində Astanada BMT-nin tərəfdaşlığı ilə Regional Ətraf Mühit Sammiti keçiriləcək.
Mütəxəssislərin məlumatına görə, son 20 ildən az müddətdə Xəzər dənizinin səthi 34 min kvadrat kilometrdən çox azalıb. Bu rəqəm Belçikanın ərazisindən də böyükdür. Dənizin səviyyəsinin enməsi Rusiyanın Həştərxan vilayəti, Kalmıkiya və Dağıstan bölgələrində sahil xəttinin ciddi dəyişməsinə səbəb olub.
Rosvodresursy rəhbəri Dmitri Kirillovun sözlərinə görə, Volqa–Xəzər Dəniz Gəmiçiliyi Kanalında dərinləşdirmə işləri aparılsa da, Xəzərin dayazlaşmasının əsas səbəbi iqlim dəyişikliyidir.