10 gündür axtarılan yaşlı kişinin meyiti tapılıb
Çorumun İskilip rayonunda 10 gündür itkin düşən 86 yaşlı Eldivas Babayiğitin meyiti tapılıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,avqustun 16-da Sakarya məhəlləsindəki evindən çörək almaq üçün çıxan və geri qayıtmayan Babayiğitin yoxa çıxması barədə ailəsi polisə müraciət etmişdi. Onun meyiti İskilip-Tosya yolunun Tünel bölgəsi yaxınlığındakı sıldırım qayalıqlarda aşkarlanıb.
Hadisə yerinə gələn Respublika prokuroru və istintaq qrupları araşdırma apardıqdan sonra meyit İskilip Atıf Hoca Dövlət Xəstəxanasının morquna yerləşdirilib.
Babayiğitin tapılması üçün 10 gün ərzində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılıb. İşlərə İskilip Polis Şöbəsi, Jandarma Komandanlığı, xüsusi təyinatlı dəstələr, Çorum İl Polis İdarəsi, həmçinin Çorum, Samsun, Yozgat və Çankırıdan gətirilmiş mütəxəssislər, AFAD könüllüləri və İskilip Bələdiyyəsinin əməkdaşları cəlb olunub.