Qarğıdalı tarlasında qorxulu mənzərə- Bu ölkədə...
Türkiyənin Karaman şəhərində qarğıdalı sahəsinin ortasında diametri 15 metr, dərinliyi isə təxminən 5 metr olan yeni çuxur yaranıb. Son altı ildə şəhərdə aşkar edilən belə çuxurların sayı 10-a çatıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə şəhər mərkəzinə yaxın Sudurağı qəsəbəsində 100 hektarlıq qarğıdalı sahəsində qeydə alınıb. Çuxuru görən sakinlər vəziyyəti səlahiyyətlilərə çatdırıb. İl Afet və Fövqəladə Hallar İdarəsinin əməkdaşları əraziyə baxış keçirərək təhlükəsizlik tədbirləri görüblər.
Karaman Kənd Təsərrüfatı Palatasının sədri Mehmet Bayram bildirib ki, bölgədə qrunt sularının azalması ilə bağlı çuxurların sayı artmaqdadır:
“Son 6 ildə Karamanda belə çuxurların sayı 10-a çatıb. Konyanın Karapınar rayonunda isə bu göstərici 600-ə qədərdir. Əsas səbəb su çatışmazlığıdır. Qaraman bölgəsi sürətlə kənd təsərrüfatı üçün yararlılığını itirir. Bu prosesi dayandırmaq üçün təcili olaraq xarici hövzələrdən su gətirilməlidir”.
Sahənin sahibi Soner Özütemiz də açıqlamasında çuxuru bu gün səhər tarlaya gəldikdə gördüklərini deyib:
“Çuxuru görən kimi dərhal səlahiyyətlilərə məlumat verdik. Onlar da dərhal gəlib tədbir gördülər. Qəsəbəmizdəki çuxurların sayı artıq ikiyə yüksəlib”.