Qan xərçənginin inkişafını dayandıran mexanizm aşkarlandı
Avstraliyalı alimlər qan xərçənginin inkişafına mane ola biləcək mühüm genləri müəyyən ediblər.
Ajans.az Nature Communications jurnalına istinadən xəbr verir ki, GATOR1 adlı zülal qrupu limfomanın qarşısının alınmasında həlledici rol oynayır.
Mütəxəssislərin sözlərinə görə, GATOR1 ən vacib şiş bastırıcı mexanizmlərdən biridir. Bu zülallar hüceyrələrin şişə çevrilməsinin qarşısını alır. Tədqiqatda vurğulanır ki, bəzi mövcud dərmanlar da eyni hüceyrə yollarına təsir göstərə bildiyi üçün gələcəkdə bu üsul müalicə üçün tətbiq oluna bilər.
Alimlər qeyd ediblər ki, GATOR1-in bəzi komponentləri itirildikdə orqanizmin müdafiə sistemi zəifləyir və hüceyrələrin nəzarətsiz çoxalması başlayır. Bu nəticə aqressiv lenfomanın mürəkkəb preklinik modelləri üzərində aparılan araşdırmalarla təsdiqlənib.
Araşdırmanın aparıcı müəllifi professor Marko Herold bildirib:
“Bu kəşf xərçəngin inkişafı və yayılması ilə bağlı yeni anlayışlar təqdim edir. Ümid edirik ki, daha effektiv və məqsədyönlü müalicə üsullarının hazırlanmasına zəmin yaradacaq”.
Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri astma müalicəsi üçün təsdiqlənmiş “Zileuton” dərmanının qida allergiyalarına qarşı da yüksək qoruyucu təsir göstərdiyini açıqlamışdılar.