İstanbulda tapılan körpə qorilla Nigeriyaya göndəriləcək
İstanbul Hava Limanında ötən ilin sonunda yük anbarında tapılan körpə qorilla “Zeytun” (Olive) təxminən səkkiz aylıq baxım və reabilitasiyadan sonra Nigeriyaya qaytarılacaq.
Ajans.az Haber Global-a istiandən xəbər verir ki,2024-cü il 22 dekabrda Gömrük Mühafizəsi və Qaçaqmalçılıqla Mübarizə qrupları Banqkoka göndərilmək üçün hazırlanmış qəfəsdə qeyri-qanuni yolla daşınmaq istənilən körpə qorilla aşkar etmişdi. Daha sonra o, Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi (DKMP) tərəfindən xüsusi qoruma altına alındı. Nazirliyin təşkil etdiyi onlayn sorğu ilə heyvana “Zeytun” adı verildi.
DKMP Baş direktoru Kadir Çokçetin bildirib ki, Zeytun ilk günlərdə qorxu içində olub, qidalanmaqda çətinlik çəkib:
“Baxıcılarımız gecə-gündüz onunla məşğul oldular, hətta yemək yeməyə həvəsləndirmək üçün özləri də eyni anda qidalanırdılar. Zamanla qorxuları aradan qalxdı, indi çəkisi 16 kiloqrama yaxınlaşıb, sağlam və çox enerjilidir.”
Onun sözlərinə görə, repatriasiya (vətənə qaytarılma) prosesi beynəlxalq prosedurlara uyğun şəkildə həyata keçirilir:
“Uzun müddətdir yazışmalar aparırıq. Zeytunun yalnız qorillalara aid reabilitasiya mərkəzinə yerləşdirilməsi üçün bütün detallar nəzərə alındı. Türk Hava Yolları ilə də nəqliyyat şərtləri razılaşdırılıb. Artıq Nigeriyaya göndərilmə vaxtı yetişib.”
Zeytunun vətənə qaytarılması prosesi Nigeriya hökuməti, Türkiyə və CITES (Nəsli kəsilməkdə olan növlərin beynəlxalq ticarətinə dair konvensiya) çərçivəsində həyata keçirilir.
Çokçetin əlavə edib ki, bu müddətdə ictimaiyyətin də diqqəti yüksək olub və “Zeytun” Türkiyədə xüsusi maraq doğurub:
“O, yellənməyi, dırmaşmağı və baxıcıları ilə oynamağı çox sevir. Vətəndaşlarımız da ona səmimi şəkildə bağlandı. Nazirliyimiz prosesi yaxından izləyib və ictimaiyyətlə məlumat paylaşmağa davam edəcəyik.”