Reklam resmi
Reklam resmi

ABŞ-da Şimali Koreyaya silah göndərən çinli həbs olunub

ABŞ-da Şimali Koreyaya silah göndərən çinli həbs olunub
Dünya

ABŞ-da Çin vətəndaşı Şimali Koreyaya odlu silah və digər hərbi avadanlıqları qaçaqmalçılıq yolu ilə göndərdiyinə görə 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Ajans.az BBC-ə istinadən xəbər verir ki, 42 yaşlı Şenxua Ven Kaliforniyadan Şimali Koreya rəsmilərinə hərbi yüklərin göndərilməsi üçün təxminən 2 milyon dollar alıb. O, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını pozmaq və xarici hökumətin qeyri-qanuni agenti olmaqda təqsirli bilinib.

İstintaq müəyyən edib ki, Ven 2012-ci ildə tələbə vizası ilə ABŞ-a daxil olub, lakin vizası başa çatdıqdan sonra ölkədə qanunsuz qalıb. ABŞ-a gəlməzdən əvvəl o, Şimali Koreyanın Çindəki səfirliyinin nümayəndələri ilə görüşüb və onların göstərişləri ilə hərəkət edib.

2022-ci ildən etibarən o, ABŞ-dan Çinə, oradan isə Şimali Koreyaya silah və sursat göndərməyə başlayıb. 2023-cü ildə Ven Lonq-Biç limanından ən azı üç konteyner odlu silahı Çinə yollayıb, sənədlərdə isə yükləri “soyuducu” kimi göstərib. 2024-cü ilin yanvarında həmin konteynerlərdən biri Nampo şəhərinə çatdırılıb.

Bundan əlavə, Ven Hyustonda silah biznesi alıb, Texasdan Kaliforniyaya sursat daşınmasını təşkil edib və sentyabr ayında Şimali Koreyaya göndərmək məqsədilə 60 min ədəd 9 mm-lik patron əldə edib. O, həmçinin kimyəvi təhlükəni müəyyən edən cihazlar və genişzolaqlı qəbuledicilər kimi “həssas texnologiya”lar əldə etməyə çalışıb.

Ədliyyə Nazirliyi bildirib ki, Wen bütün hərəkətlərinin qanunsuz olduğunu bildiyini etiraf edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əsasən Şimali Koreyaya silah ticarəti qadağandır. ABŞ da Pxenyana nüvə və ballistik raket proqramına görə sərt sanksiyalar tətbiq edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Şimali Koreya

Digər Xəbərlər