Rusiyaya qarşı sanksiyalar SAXLANILMALIDIR
Ukraynanın avropalı müttəfiqləri “Könüllülər koalisiyası”nın telekonfransında Ukraynanın silahlandırılmasını dayandırmaq öhdəliyi olmadan hərbi əməliyyatları dayandırmağa və Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar.
“Telekonfrans iştirakçıları diqqəti əsas məqamlara yönəldiblər ki, bunlar da hərbi əməliyyatların dərhal dayandırılması və sanksiyalarla təzyiqin saxlanması öhdəliyidir”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya və ABŞ-ın qərarlarından asılı olmayaraq, Avropa İttifaqının bütün mövqelərini qorumağa çalışacağını bildirib. Bu mövqelər isə güc yolu ilə sülhün əldə olunması, Kiyevin əraziləri verməkdən imtinası, Ukraynanın silahlarla təmin edilməsinin davamı, onun Qərb bloklarına qəbul edilməsi, Rusiyaya qarşı sanksiyaların saxlanılmasıdır.
O həmçinin vurğulayıb ki, Avropa Komissiyası Ukraynadakı münaqişədən asılı olmayaraq Avropanın militarizasiyasını sürətləndirmək və ilk növbədə PUA-lar olmaqla, Ukraynada silah istehsalına investisiya qoymaq niyyətindədir.
Fransa Prezidenti Emmanuel Makron Könüllülər koalisiyasının videokonfransındakı çıxışında qeyd edib ki, "Bu gün təslimiyyəti sülh adı ilə təklif edən yalnız bir dövlət var - Rusiya".