300-dən çox məktəbli nahar yeməyindən sonra zəhərlənib
İndoneziyanın Sragen şəhərində məktəb naharı yedikdən sonra təxminən 365 şagird xəstələnib. Hadisə prezident Prabowo Subiantonun ölkədə pulsuz yemək proqramı çərçivəsində baş verən ən böyük qida zəhərlənməsi kimi qiymətləndirilir.
Ajans.az Reuters-ə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları bildiriblər ki, yemək nümunələri çirklənməyə görə sınaqdan keçirilir və Sragen şəhərində məktəblərə paylanan yeməklər müvəqqəti dayandırılıb. İddia edilən zəhərlənməyə səbəb zerdeçallı düyü, qaynadılmış yumurta, qızardılmış tempeh, xiyar salatı və bir qutu süd olub.
9-cu sinif şagirdi Wizdan Ridho Abimanyu mədəsindəki kəskin ağrı, ishal və baş ağrısından şikayət edib. Sosial şəbəkələrdə digər şagirdlərin oxşar simptomlardan əziyyət çəkdiyi bildirilib.
Qəsəbə hökumətinin lideri Sigit Pamunqkas jurnalistlərə deyib ki, dərhal konkret nəticə çıxarmaq mümkün olmasa da, pulsuz yemək proqramı daha ciddi və gigiyenik şəkildə həyata keçirilməlidir. Hökumət xəstələnən şagirdlərin bütün tibbi xərclərini qarşılayacağını açıqlayıb.
Yanvar ayında 80 milyon məktəbli uşağını qidalandırmaq məqsədilə işə salınan proqram çərçivəsində bu vaxta qədər ölkə üzrə 1000-dən çox insan xəstələnib. Prezident Prabowo proqramı müdafiə edərək, onun İndoneziyanı yoxsulluqdan və aclıqdan azad etməyə xidmət etdiyini bildirib.