Pişiklərdə Alzheimer aşkarlanıb
Edinburq Universitetinin alimləri pişiklərdə insanlarda Alzheimer xəstəliyinə bənzər demansın inkişaf etdiyini təsdiqləyib.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,tədqiqat çərçivəsində həyatda demans əlamətləri göstərən 25 yaşlı pişik üzərində ölümdən sonra beyin müayinəsi aparılıb.
Müayinə zamanı zəhərli amiloid-beta zülalının yığılması və Alzheimer xəstəliyinin əsas xüsusiyyətləri aşkar edilib. Tədqiqat rəhbəri Dr. Robert Makqiçan bildirib ki, pişiklərin təbii olaraq demans inkişaf etdirməsi insan Alzheimerini öyrənmək üçün “mükəmməl təbii model” təqdim edir.
Tədqiqatın nəticələri pişiklərdəki beyin dəyişikliklərinin insanlarda demans və Alzheimer xəstəliyini daha yaxşı başa düşməyə imkan verə biləcəyini göstərir. Alimlər hesab edir ki, bu kəşf həm yeni müalicə üsullarının inkişafına, həm də yaşlı ev heyvanlarının həyat keyfiyyətinin artırılmasına yardım edə bilər.
Dr. Makqiçan qeyd edib ki, əvvəlki araşdırmalar əsasən genetik dəyişdirilmiş gəmiricilər üzərində aparılırdı, lakin pişiklər təbii olaraq demans inkişaf etdirdiyinə görə xəstəliyin daha dəqiq modellərini təklif edir.