Hindistanda daşqınlardan sonra 66 nəfər itkin düşüb
Hindistanın şimalındakı Uttarxand əyalətində baş verən daşqınlardan bir həftə sonra ən azı 66 nəfər hələ də itkin hesab olunur. Məlumatlara görə, indiyədək yalnız bir nəfərin cəsədi tapılıb.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,avqustun 5-də yağan güclü leysan yağışları nəticəsində Dharali kəndinin yarısı sel suları altında qalıb, yaxınlıqdakı ordu düşərgəsinə ciddi ziyan dəyib. Pis hava və torpaq sürüşməsi səbəbindən əraziyə aparan əsas yol bağlanıb, xilasetmə işləri çətinləşib.
Uttarkaşi bölgəsi ilə Uttarakhand daşqından ən çox zərər görən ərazilər arasındadır. Son günlərdə Dharali yaxınlığında 1300-ə yaxın insan təxliyə olunub. Güclü yağışlar Kheerqanqa çayının daşmasına səbəb olub, axan palçıqlı sular kəndlərdə yolları, binaları və dükanları dağıdıb.
Hadisə anına aid görüntülərdə güclü su dalğasının binaları yerlə-yeksan etdiyi və insanların qaçmağa az vaxtının qaldığı əks olunub. İlkin olaraq daşqınların bulud partlayışı səbəbindən baş verdiyi bildirilsə də, Hindistan Hava Departamenti bunu təsdiqləməyib.
Fəlakətin səbəblərini araşdırmaq üçün kəndə 10 geoloqdan ibarət qrup göndərilib. Daşqın nəticəsində Bhagirathi çayının bir hissəsi tutulub, hökumət helikopter meydançası da daxil olmaqla geniş ərazilərdə süni göl əmələ gəlib.
İtkin siyahısında Bihar və Uttar Pradeşdən olan 24 Nepal işçisi, 14 yerli sakin, 9 ordu əməkdaşı və 13 nəfər digər şəxslər yer alır. Yerli sakinlərin sözlərinə görə, hələ də xəbər alınmayanların sayı rəsmi göstəricilərdən çox ola bilər.