NFL-in keçmiş müdafiəçisi vəfat edib
Keçmiş "New York Giants" oyunçusu və ortopedik cərrah Dave Gallagher 73 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki,ölümü 4 avqustda dərc olunan nekroloqda təsdiqlənib. Gallagher yanvarın 20-də İndiana ştatının Kolumbus şəhərindəki evində dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
1975–1976-cı illərdə Giants komandasında müdafiəçi kimi çıxış edən Gallagher, ehtiyat heyətinə keçirilməsindən narazı qalaraq futbol karyerasını dayandırmış və ortopedik cərrah olmaq üçün Miçiqan Universitetinə geri dönmüşdü.
O, daha əvvəl 1970-ci illərin əvvəllərində "Michigan Wolverines" kollec komandasında çıxışı ilə tanınmışdı. Gallagher, 1971–1973-cü illər arasında komandanın Big Ten konfransı çempionluqları qazandığı dövrdə əsas oyunçulardan biri olub və həmin illərdə komanda ümumilikdə 40 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə ilə çıxış edib.
Dave Gallagher idmandan sonra seçdiyi tibb sahəsində uğurlu karyera qurdu. O, tibbə marağını belə izah etmişdi:
"Məni həkimliyə cəlb edən yalnız xəstələrə yardım göstərmək deyildi. Mən atama valeh idim. O, həkim idi və cəmiyyətdə gördüyü hörmət məni çox təsirləndirmişdi."