Sudanın Əl-Faşer şəhəri aclıqla üz-üzədir
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Sudanın Şimali Darfur əyalətinin mühasirədə olan paytaxtı Əl-Faşer şəhərində minlərlə insan aclıq təhlükəsi ilə üzləşib.
Ajans.az xəbər verir ki,əhərdə gündəlik həyatda qalmaq uğrunda ümumi mübarizə gedir, ərzaq qiymətləri sürətlə artır və humanitar yardıma çıxış tamamilə kəsilib.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) çərşənbə axşamı bildirib ki, 2024-cü ilin may ayından etibarən üsyançı Çevik Dəstək Qüvvələri (RSF) Əl-Faşeri ələ keçirməyə çalışır. Bu şəhər hökumət qüvvələrinin Şimali Darfurda nəzarətində olan sonuncu böyük ərazi olaraq qalır.
BMT-nin hesablamalarına görə, mühasirədə olan şəhərdə 300 minə yaxın insan getdikcə daha ağır və çıxılmaz şəraitdə yaşayır. Ərzaq tədarükünün tam dayanması nəticəsində aclıq və xəstəlik riski ciddi şəkildə artıb.
Xatırladaq ki, bu ilin aprel ayında RSF-nin Əl-Faşerin yaxınlığındakı Zəmzəm köçkün düşərgəsinə təşkil etdiyi genişmiqyaslı hücum nəticəsində yüzlərlə insan həyatını itirmiş, yüz minlərlə şəxs isə şəhərə qaçmaq məcburiyyətində qalmışdı.
Humanitar təşkilatlar vəziyyətin daha da pisləşməməsi üçün mühasirənin dərhal qaldırılmasına və təcili yardım dəhlizlərinin açılmasına çağırır.