Nigeriyada güclü yağış:daşqın təhlükəsi elan edilib
Nigeriyada davam edən intensiv leysan yağışları səbəbilə ölkənin 19 ştatında daşqın riski ilə bağlı xəbərdarlıq edilib.
Ajans.az Nigeriya Ətraf Mühit Nazirliyinə istinadən xəbər verir ki, avqustun 9-dək davam edəcəyi gözlənilən yağışlar nəticəsində daşqın təhlükəsi xüsusilə şimal-qərb, cənub və mərkəzi bölgələrdə artıb. Milli Daşqınlara Qarşı Erkən Xəbərdarlıq Mərkəzi bildirib ki, risk altında olan əyalətlərdən beşi şimal-qərbdə, üçü cənub bölgəsində, dördü isə mərkəzi ərazilərdə yerləşir. Qalan əyalətlər isə əsasən şimal-şərq bölgəsindədir.
Xüsusilə may ayında daşqınlar nəticəsində 117 nəfərin həlak olduğu və onlarla insanın itkin düşdüyü Niger əyaləti yenidən yüksək risk altında olan bölgələr arasında göstərilib.
Səlahiyyətli orqanlar yerli hakimiyyətləri və əhalini mümkün can və mal itkilərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırıblar.
Hazırda ölkədə yağışların ən intensiv keçdiyi “pik yağış mövsümü” yaşanır. Bu dövr adətən genişmiqyaslı daşqınlarla müşayiət olunur. 2022-ci ildə baş verən güclü daşqınlar nəticəsində 600-dən çox insan həyatını itirmiş, 1,4 milyon nəfər evsiz qalmış, 440 min hektara yaxın kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəymişdi.