ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvada
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edib və onu Rusiyanın investisiya elçisi Kirill Dmitriev qarşılayıb.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki,Vitkoffun prezident Vladimir Putinlə görüşünün baş tutma ehtimalını istisna etmədiyini bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, əgər Rusiya Ukraynada bu həftənin cümə gününə qədər atəşkəsə razılıq verməzsə, Vaşinqton yeni sanksiyalar tətbiq edəcək. Bu tədbirlərə Rusiya neftini alan ölkələrə, o cümlədən Hindistan və Çinə qarşı sərt tariflər də daxil ola bilər.
Trampın sözlərinə görə, Vitkoffun Moskvaya səfəri hərbi əməliyyatların dayandırılması istiqamətində növbəti diplomatik təşəbbüslərin bir hissəsidir. Səfərlə tanış olan mənbə Reuters-ə bildirib ki, Vitkoff çərşənbə günü Rusiya rəhbərliyi ilə görüş keçirəcək.
Səfərin detalları tam açıqlanmasa da, Rusiya tərəfi Vitkoffun prezident Putinlə görüş ehtimalını təsdiqləyib. ABŞ və Rusiya arasında bu səviyyədə diplomatik təmaslar, Ukraynadakı müharibə fonunda regionda gərginliyin azaldılmasına yönəlmiş mümkün addım kimi qiymətləndirilir.