İzmirdə 83 qeyri-qanuni miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 83 qeyri-qanuni miqrant dənizdə və quruda saxlanılıb
Ajans.az Türkiyə mediasına istinadən xəbər verirki, əməliyyat zamanı bir nəfər miqrant qaçaqmalçılığında şübhəli bilinərək nəzarətə götürülüb.
Sahil Mühafizəsi Komandanlığının yaydığı açıqlamaya görə, Seferihisar sahillərində Sahil Mühafizəsinə məxsus pilotsuz uçan aparat vasitəsilə rezin qayıqda bir qrup qeyri-qanuni miqrant aşkar edilib. Əraziyə göndərilən sahil mühafizə qayığı tərəfindən qayıq saxlanılıb və nəticədə 30 miqrant ələ keçirilib.
Jandarma qrupları tərəfindən aparılan tədbirlər zamanı miqrant qaçaqmalçısı olduğu ehtimal edilən bir şübhəli şəxs həbs olunub.
Digər bir hadisə Menderes rayonunda qeydə alınıb. Sahil Mühafizəsinin pilotsuz uçan aparatı tərəfindən aşkarlanan rezin qayıqda biri uşaq olmaqla 19 qeyri-qanuni miqrant saxlanılıb.
Çeşmə bölgəsində isə Sahil Mühafizəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ikisi uşaq olmaqla 23 qeyri-qanuni miqrant sahilə çıxarıldıqdan sonra saxlanılıb. Elə həmin bölgədə Sahil Təhlükəsizlik Polisi Dəstək Qrupları tərəfindən aparılan nəzarət tədbirləri zamanı ikisi uşaq olmaqla 11 qeyri-qanuni miqrant da ələ keçirilib.
Saxlanılan bütün şəxslər barəsində hüquqi prosedurlar tamamlandıqdan sonra İzmir İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib