Tanınmış rejissorla belə vidalaşdılar
Moskvada “Usta və Marqarita” filminin rejissoru ilə vidalaşıblar.
Ajans.az rus mediasına istinadən xəbər verir ki, Moskvada tanınmış rejissor Yuri Kara ilə vida mərasimi keçirilib. Bu barədə msk1.ru portalı məlumat yayıb.
“Usta və Marqarita”, “Sabah müharibə idi” kimi məşhur filmlərin müəllifinin yaxınları və qohumları Mərkəzi Klinik Xəstəxananın böyük vida zalında toplaşıblar. Görkəmli rejissoru son mənzilə yola salmaq üçün onun həmkarları da mərasimə qatılıb və itkinin ağrısını gizlətməyiblər.
Rejissor David Şneyderov bildirib ki, Yuri Kara ünsiyyətdə həmişə səmimi və ədalətli olub:
“Bizim münasibətimiz çox səmimi idi, baxmayaraq ki, bir çox məsələlərə fərqli yanaşırdıq. Mübahisə edə, fikir bildirə bilirdik, amma bu, heç vaxt dostluğumuza təsir etmirdi,” — deyə o qeyd edib.
1994-cü ildə “Usta və Marqarita” filminin baş rol ifaçısı Viktor Rakov Yuri Kara ilə son görüşünü xatırlayıb:
“Bu, onun 70 illik yubileyi münasibətilə Kino Evində baş tutmuşdu. Zal onun pərəstişkarları, həmkarları, aktyorlarla dolu idi. Hamı onu təbrik edirdi. O, səhnədə əyləşmişdi, əhval-ruhiyyəsi yüksək idi. Biz oxuyurduq, xəyal qururduq, rəqs edir, xoş sözlər deyirdik,” — aktyor belə xatırlayıb.
Qeyd edək ki, daha əvvəl bildirildiyi kimi, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, rejissor Yuri Kara 70 yaşında vəfat edib. Məlumata görə, o, 2024-cü ildə infarkt keçirmişdi və daha sonra səhhəti ilə bağlı ciddi fəsadlarla üzləşmişdi