Rusiya və Nigeriya enerji dialoqu
Rusiya və Nigeriya enerji əməkdaşlığını müzakirə etdi.
Ajans.az Tass-a istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Nigeriyanın maliyyə və iqtisadiyyat üzrə koordinator naziri Vale Edun ilə danışıqlar aparıb. Görüş zamanı tərəflər neft-qaz sektoru, energetika və digər sahələr üzrə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Rusiya Rusiya-Nigeriya münasibətlərinin dostluq xarakterini yüksək qiymətləndirir. Bu münasibətlər qarşılıqlı hörmət və beynəlxalq və regional məsələlərə ortaq yanaşma prinsipləri əsasında qurulub. Biz Abucanı Afrikada perspektivli tərəfdaş kimi görürük,” – deyə Novak bildirib.
Xüsusi diqqət OPEC+ və Qaz İxrac edən Ölkələr Forumu çərçivəsində əməkdaşlığa yönəlib. “OPEC+ çərçivəsində birgə səylərimiz qlobal neft bazarında sabitlik və proqnozlaşdırıla bilmə üçün həlledici rol oynayır. Qəbul etdiyimiz qərarlar real göstəricilər və bazar tendensiyalarına əsaslanır və iqtisadi çağırışlar fonunda tarazlığın təmin olunmasına yönəlib,” – Baş nazirin müavini vurğulayıb.
Tərəflər neft-qaz sənayesində geoloji kəşfiyyatdan yataqların işlənməsinə qədər tam mərhələli əməkdaşlıq imkanlarını araşdırıblar. Eyni zamanda, sənaye avadanlıqlarının tədarükü, maliyyə və bank sektorlarında əməkdaşlıq perspektivləri də müzakirə olunub.