Azərbaycan universitetləri 5 il sonra işsiz diplomlularla ÜZ-ÜZƏ QALA BİLƏR
“Bəzi ixtisaslar təxminən 5 ilə ləğv oluna bilər.” Bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı dünən keçirilən tədbirində deyib.
Kamran Əsədov mövzu ilə bağlı Ajans.az-a açıqlama verib.
Azərbaycanda isə bu dəyişikliklərə uyğun transformasiya addımları, xüsusən ali təhsilin ixtisas nomenklaturasında və ixtisasların strukturunda ciddi şəkildə gecikir.
Ekspert qeyd edib ki, 2023-cü il üzrə Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, Azərbaycanda ali təhsilli işsizlərin 42,1%-i ixtisası üzrə iş tapa bilmir. Ən yüksək işsizlik göstəriciləri kitabxanaçılıq, biblioqrafiya, arxivçilik, klassik filologiya, tarix, coğrafiya, əxlaq və təsviri incəsənət kimi sahələrdə müşahidə olunur. Bu ixtisaslar əmək bazarının müasir tələblərinə cavab vermədiyindən onların yerini daha çox rəqəmsal yönümlü, multidissiplinar və çevik bacarıqlara əsaslanan ixtisaslar alır. Lakin bu ixtisaslar hələ də dövlət sifarişi çərçivəsində universitetlərdə təklif olunur. Bu isə dövlət vəsaitlərinin qeyri-effektiv istifadəsi ilə yanaşı, gələcəkdə peşə yönümü olmayan işsiz gənclərin sayını artırır.
“Təhsil haqqında” Qanunun 4.1.4-cü maddəsinə əsasən, təhsil sisteminin məqsədi əmək bazarının tələblərinə uyğun kadr hazırlamaqdır.

Kamran Əsədov vurğulayıb ki, eyni zamanda, qanunun 12.4-cü maddəsində göstərilir ki, təhsil müəssisələrinin ixtisas və proqram seçimi əmək bazarının proqnozları ilə uyğunlaşdırılmalıdır. Universitetlər köhnə tədris planları və ixtisas siyahıları ilə fəaliyyət göstərir. Dünya təcrübəsində isə bu məsələni həll etmək üçün peşə və bacarıq xəritələri hazırlanır.
“Məsələn, Almaniyada “Berufsentwicklungsbericht” adlı peşə inkişafı hesabatları hər il yenilənir və bu hesabatlara əsasən ali təhsilin məzmunu və ixtisaslar yenidən formalaşdırılır. Sinqapurda isə “SkillsFuture” təşəbbüsü çərçivəsində əmək bazarının 10 illik proqnozları hazırlanır və universitetlərə hansı ixtisasların gələcəkdə ləğv olunacağı və hansılarının yaradılacağı barədə dəqiq təlimatlar verilir. Finlandiyada isə ali məktəblərə qəbul planlaması əmək bazarının regional və milli ehtiyaclarına əsasən hər il dəyişdirilir və texnologiyanın təsiri öncədən nəzərə alınır.”-deyə, ekspert açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycanın ali təhsil sistemində isə hələ də kitabxanaçılıq, təsviri incəsənət, musiqi nəzəriyyəsi, filologiya (klassik dillər), fəlsəfə, arxivçilik və s. kimi ixtisaslara dövlət sifarişi ilə qəbul planları mövcuddur. Halbuki bu sahələr üzrə məzunların əksəriyyəti işsiz qalır və ya ixtisasına uyğun olmayan peşələrdə çalışır.
Onların yerini artıq rəqəmsal arxiv idarəçiliyi, süni intellektin tətbiqi, məlumatların idarə olunması, kibertəhlükəsizlik, data analitikası, bioinformatika, süni intellekt təhsili və texnoloji pedaqogika kimi ixtisaslar əvəz etməlidir. Bu sahələr əmək bazarında yüksək tələbatla yanaşı, beynəlxalq əmək miqrasiyası üçün də real fürsətlər yaradır.
Müsbət tərəf ondan ibarətdir ki, Azərbaycan universitetləri bu transformasiyanı həyata keçirmək üçün potensiala malikdir. ADA Universiteti, UNEC, Bakı Ali Neft Məktəbi və bəzi texniki universitetlərdə artıq bu sahələr üzrə bəzi proqramlar tətbiq olunmağa başlayıb. Lakin ümumilikdə universitetlərin 80%-i hələ də köhnə sovet ixtisas nomenklaturasını davam etdirir və yeni ixtisasların açılması üçün normativ-hüquqi mexanizmlər yetərincə çevik deyil.
Nəticə etibarilə, ali təhsilin ixtisas strukturu təcili islahat tələb edir. Elm və Təhsil Nazirliyi əmək bazarına əsaslanan ixtisas transformasiyası konsepsiyası hazırlamalı, proqnozlaşdırma sistemini formalaşdırmalı və köhnəlmiş, əmək bazarında qarşılığı olmayan ixtisasları mərhələli şəkildə ləğv etməlidir. Əks təqdirdə, 5 ildən sonra diplomlu, lakin peşəsiz və işsiz gənclər ordusu ölkənin sosial sabitliyi və iqtisadi dayanıqlığı üçün ciddi təhlükəyə çevriləcək. Təhsilin real iqtisadi və sosial nəticə doğurması üçün təkcə tədris yox, təyinat dəyişməlidir – gələcəyin bacarıqlarına, gələcəyin ixtisaslarına uyğunlaşdırılmalıdır.