Rusiya güc itirir- Azərbaycan regionun SÖZ SAHİBİNƏ ÇEVRİLİR
Rusiyanın Ukrayna ilə müharibəsi, Azərbaycanın Qafqaz regionu və dünyada gücünün tanınması, Nikol Paşinyanın “Böyük Turan” çıxışı, İranın Azərbaycanla əlaqələrinin genişlənməsi kimi proseslər Rusiyanın ölkə olaraq regionda təsir imkanlarının azalmasına gətirib çıxarır. Azərbaycanın dünya miqyasında tanınması Rusiyanın söz ehtiyatlarının da azalmasına səbəb olur.
Politoloq Əli Zülfüqaroğlu Ajans.az-a bildirib ki, Ukrayna savaşı Rusiyanın beynəlxalq mövqelərinə ciddi zərbə vurub: "Rusiya düşünürdü ki, tez bir zamanda Ukraynada nəticələr əldə edə bilər. Lakin bu baş vermədi. Eyni zamanda bu savaş Rusiyada iqtisadi problemlərə səbəb oldu. Bu da o deməkdir ki, Rusiya artıq əvvəlki gücündə deyil".
O söyləyib ki, Rusiya həmişə bölgədə Azərbaycana Qarabağ və separatizm kartları ilə təzyiq etməyə çalışıb: "Xüsusilə İkinci Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ kartını Rusiyanın əlindən aldı. Eyni zamanda bir günlük antiterror tədbirləri ilə separatizm kartı da neytrallaşdırıldı. Son zamanlar Rusiya Azərbaycana miqrant kartı ilə təzyiq etməyə çalışır. Təbii ki, bu qeyri-mümkündür. Bu cür addımlar ilə Azərbaycanın siyasi iradəsinə təsir edilə bilməz. Azərbaycan Türkiyə, Pakistan və digər dövlətlər ilə əlaqələrini ən yüksək həddə çatdırıb".
Ekspert deyib ki, 44 günlük müharibədən sonra Azərbaycan regionda yeni geosiyasi mənzərə yaradıb: "Nəticədə yeni hədəflər müəyyən olunub. Regionda ölkənin maraqlarına zidd fəaliyyətin qəbul etdirilməsindən söhbət gedə bilməz. Zəngəzur dəhlizinin açılması İranla Azərbaycan arasında problematik məsələ idi. Xüsusilə də İran Rusiyaya təzyiq edirdi ki, Rusiya bu məsələdə Ermənistana təzyiq etməsin. Nəticədə İranın maraqları da təmin olunsun. İran prezidentinin Xankəndi görüşündə iki ölkə arasındakı münasibətləri müsbət istiqamətdə inkişaf etdirə və Zəngəzur məsələsində mövqeləri dəyişə bilər. Bu da o deməkdir ki, Rusiyanın regionda ciddi fəaliyyəti və müdaxilə imkanları azalıb. Burada Ermənistan ilə də sülh üçün yeni şərait var. Ermənistan bunu adekvat dəyərləndirərsə, bölgədə yeni mənzərə formalaşacaq".