İllərdir itkin düşən jurnalist Bəşər Əsədin HƏBSXANASINDA İMİŞ
BBC-nin əldə etdiyi çox məxfi kəşfiyyat sənədləri amerikalı jurnalist Austin Ticenin 2012-ci ildə Suriya prezidenti Bəşər Əsədin rejimi tərəfindən saxlanıldığını ilk dəfə rəsmən təsdiqləyib.
Ajans.az xəbər verir ki, keçmiş Suriya rəsmiləri də Ticenin rejim tərəfindən tutulduğunu etiraf ediblər.
Tice 2012-ci ilin avqustunda Dəməşq yaxınlığında yoxa çıxmışdı. Həmin il yayılan bir videoda onun silahlı şəxslər tərəfindən İslam bəyannaməsi oxumağa məcbur edildiyi göstərilsə də, analitiklər bu səhnənin qurma ola biləcəyini bildirib. Heç bir qrup məsuliyyəti üzərinə götürməyib və o vaxtdan bəri Ticedən xəbər alınmayıb.
BBC araşdırması göstərir ki, Tice əvvəlcə Dəməşqdəki Tahouneh həbsxanasında saxlanılıb. O, Əsədə sadiq hərbiləşdirilmiş Milli Müdafiə Qüvvələri tərəfindən tutulub, bir neçə dəfə dindirilib və sağlamlıq problemləri səbəbilə müalicə olunub.
Onun sağ qalması ilə bağlı sonuncu məlumat 2025-ci ilin əvvəlində anası Debra Tice-ə çatdırılıb. Lakin Əsəd rejiminin süqutundan sonra həbsxanalar boşaldıqda Ticedən heç bir iz tapılmayıb.
Austin Tice həm ABŞ dəniz piyadasının keçmiş kapitanı, həm də müharibə jurnalisti olub. Onun Suriya rejimi tərəfindən saxlanılması, minlərlə insanın itkin düşdüyü geniş repressiya sisteminin bir hissəsi kimi qiymətləndirilir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.