Dünyada bir ilk - Lazer silahı ilə PUA məhv edildi
Müdafiə sənayesi texnologiyaları gün keçdikcə daha maraqlı və fərqli olur. Yalnız elmi fantastika filmlərində gördüyümüz lazer silahları indi əsl döyüş meydanlarında istifadə olunur.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə hərbi texnologiyalar sahəsində əsaslı inkişaf Qərbdə deyil, Yaxın Şərqdə baş verdi. İsrail yüksək enerjili lazer silahı texnologiyasından ilk dəfə olaraq real döyüş mühitində istifadə edərək, pilotsuz uçuş aparatını (PUA) havada zərərsizləşdirib. Bu hadisə lazer əsaslı müdafiə sistemlərinin təkcə sınaq bölgələrində deyil, həm də birbaşa qaynar münaqişələrdə işlək hala gəldiyini göstərən tarixi dönüş nöqtəsi kimi qeydə alınıb.
"Dəmir şüa" adlanan bu lazer sistemi İsrailin çox qatlı hava hücumundan müdafiə arxitekturasına, "Dəmir Qübbə"ə uyğun olaraq hazırlanmışdır. Xüsusilə şimal sərhədində aktiv təhlükə yaradan PUA-lara qarşı yerləşdirilən sistem, hədəf alınan vasitələrin aerodinamik səthlərini yandıraraq zərərsizləşdirməyi bacarıb. Hədəf üzərində lazer atışlarının yaratdığı istilik intensivliyi sayəsində sistem PUA-nı havada təmas etmədən məhv edib. Bu texnologiya İsrailin "Dəmir Qübbə" və "Arrow" kimi mövcud raket əsaslı sistemlərini tamamlamaq üçün hazırlanıb. Ən diqqət çəkən cəhət onun əməliyyat dəyəridir. Raket sistemi üçün kəsici atış on minlərlə dollara başa gəlsə də, lazer sistemi üçün bir atış cəmi bir neçə dollara başa gəlir. Bu, intensiv PUA hücumlarına qarşı davamlı bir həll təklif edir. Ancaq sistemin müəyyən məhdudiyyətləri var. Məsələn, duman, yağış və toz kimi atmosfer şəraitlərdən birbaşa təsirlənə bilər.
Bundan əlavə, hədəfin məhv edilməsi adi raket sistemləri ilə müqayisədə daha uzun çəkə bilər. Lakin bütün bu neqativlərə baxmayaraq, "Dəmir Şüa" artıq gələcəyin döyüş texnologiyaları arasında öz yerini tutmuş kimi görünür.