Bu ölkədə XKX-ya işləyən vəkil SAXLANILIB
Kalininqrad vilayətində xarici kəşfiyyat xidmətlərində işləyən vəkil saxlanılıb.
Ajans.az xəbər verir ki, Kalininqrad vilayətində vəkil xarici kəşfiyyat xidmətlərində işlədiyi üçün saxlanılıb. Bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat verib .
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (“Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətə kömək etmək məqsədilə xarici dövlətlə konfidensial əsaslarla əməkdaşlıq”) ilə cinayət işi açılıb.
İstintaqın məlumatına görə, 2024-cü ildə Kalininqrad Vilayət Vəkillər Kollegiyasının 64 yaşlı vəkili öz fəaliyyəti ilə öyrəndiyi hüquq-mühafizə orqanlarının əməkdaşları haqqında məlumatları dost olmayan ölkənin xüsusi xidmət orqanlarına ötürüb.
O, saxlanılaraq dindirilib. Onun və onun cinayət əməllərindən xəbəri olan bir neçə vəkilin evində axtarış aparılıb. İstintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldıracaq.
Cinayət işi üzrə cinayətin bütün hallarının müəyyən edilməsi, sübutlar bazasının möhkəmləndirilməsi və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bundan əvvəl FSB-nin Ukrayna kəşfiyyatına işlədiyinə görə rusiyalını saxladığı bildirilirdi .