İstanbulda zəlzələ KABUSU: Eyni anda 500 yanğın başlaya bilər – XƏBƏRDARLIQ
İstanbulda baş verə biləcək 7 və daha böyük maqnitudalı zəlzələ nəticəsində 500 təbii qaz servis qutusunda eyni anda yanğın başlama riski mövcuddur.
Ajans.az xəbər verir ki, bu xəbərdarlıq Türkiyə Böyük Millət Məclisinin Kartalkaya Otel Yanğını Araşdırma Komissiyasına məlumat verən İstanbul Universitetinin akademikləri Dr. Ali Dərdar Gültek və Dr. Uğur Emre Temelli tərəfindən edilib.
Dr. Gültek, Şişli, Maslak və İkitelli kimi otel, rezidens və iş mərkəzlərinin sıx yerləşdiyi ərazilərdə İstanbul İtfaiyə İdarəsi ilə birgə layihələr həyata keçirdiklərini bildirib. O, həmçinin, 1999-cu ildən bəri bu sahədə müxtəlif hazırlıq və investisiyaların aparıldığını qeyd edib.
Tarixi Yarımadadakı taxta tikililərin ciddi yanğın riski yaratdığını vurğulayan Dr. Gültek, Boğaziçi Universitetinin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə birlikdə hazırladığı zəlzələ sonrası yanğınların təsirini qiymətləndirən bir simulyasiya olduğunu bildirib.
Dr. Gültek, bir çox söndürmə və siqnalizasiya sistemlərinin quraşdırıldıqdan sonra baxımsız qaldığını və bəzi hallarda bina rəhbərlərinin bu sistemlərin mövcudluğundan xəbərsiz olduğunu qeyd edib.
Akademiklər, xüsusilə tarixi tikililər və sənaye bölgələri üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, potensial təhlükələrin qarşısının alınması üçün müvafiq qurumların koordinasiyalı şəkildə çalışmasının əhəmiyyətini qeyd ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.