Korrupsiya araşdırması gedən "Azebirja" şirkəti İFLAS EDİR? - Mərkəzi Bank AÇIQLADI

Korrupsiya araşdırması gedən "Azebirja" şirkəti İFLAS EDİR? -
Mərkəzi Bank
Gündəm 31-10-2024 - 15:16
 9112

Xəbər verdiyimiz kimi, kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin - “Azebirja Şirkəti”nin müştərilərinin başı dərddədir. Belə ki, şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində artıq araşdırma başlayıb. 

Ajans.az-ın məlumatına görə, sözügedən şirkətin Mərkəzi Bankdan lisenziyası yoxdur. "Aze Bilişim Finans" MMC (Azebirja) qiymətli kağızlar bazarında investisiya xidmətlərinin göstərilməsi ilə bağlı olaraq Mərkəzi Bankdan lisenziya almamışdır. Lisenziya olmadan bu kimi fəaliyyətin göstərilməsi isə qanunsuz fəaliyyət hesab olunur.

İnvestisiya məqsədilə vətəndaşlardan kütləvi şəkildə pul vəsaitinin cəlb edilməsi özündə portfel idarəçiliyi və investisiya fondlarının idarə edilməsi fəaliyyətinin xüsusiyyətlərini ehtiva edir və belə fəaliyyətlər lisenziya tələb edən, həmçinin nəzarət edilməli olan fəaliyyətlərdir.

Adıçəkilən şirkətin iflası digər MMC-lərdə olduğu kimi qanunvericiliyə uyğun olaraq iflas prosedurları ilə tənzimlənir. Mərkəzi Bank isə öz nəzarət subyektlərinin (lisenziya verdiyi təşkilatların) fəaliyyətinə nəzarəti həyata keçirir. Vətəndaşlar Mərkəzi Bank tərəfindən lisenziya verilmiş şəxslərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsi vasitəsilə tanış ola bilərlər.

Ölkədə lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı, investisiya fondu və investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər barədə Mərkəzi Banka müraciət edildikdə yaxud belə fəaliyyətlər aşkar edildikdə, Mərkəzi Bank onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: