İmamoğlunun ifadəsi ilə bağlı ŞOK DETALLAR - Gəliri bu qədər imiş

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu, İstanbul Baş Prokurorluğunun İBB-yə qarşı başladığı korrupsiya araşdırması çərçivəsində ifadə verib. Prokurorluq, İmamoğlu və daha 99 nəfər barəsində "cinayətkar təşkilata rəhbərlik etmək", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderlərə müdaxilə etmək" kimi ittihamlarla istintaq aparır.
Ajans.az türk mediasına istinadən bildirir ki, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsində ifadə verən İmamoğlunun, polisə 121 səhifəlik açıqlama təqdim etdiyi bildirilir. O, ifadəsi zamanı 36 suala "Bu sualı cavablandırmıram" deyə cavab verib.
Rüşvət və tenderlərlə bağlı suallar
Polis İmamoğluna "rüşvət", "tenderlərə müdaxilə" və "dələduzluq" iddiaları ilə bağlı suallar ünvanlayıb. Həmçinin, eyni iş üzrə istintaq altında olan 99 nəfərin fotoları göstərilərək, onları tanıyıb-tanımadığı soruşulub. İmamoğlu isə bu araşdırmanın siyasi motivli olduğunu və ittihamları qəbul etmədiyini bildirib.
Maliyyə və əmlak məsələləri soruşulub
Bələdiyyə sədri ifadəsi zamanı aylıq gəlirinin 250 min lirə (11 min AZN) olduğunu və əmlakı barədə qanuni bildiriş verdiyini deyib. O, İstanbul Böyükşəhər Bələdiyyəsinin tenderlərində iştirak etmədiyini də vurğulayıb.
Gizli şahidlərin ifadələri ilə bağlı açıqlamalar
İmamoğluna, gizli şahidlərin onun bəzi iş adamları ilə əlaqəli olduğu, rüşvət və qeyri-qanuni ödənişlər etdiyi iddiaları soruşulub. O, bütün bu ittihamları rədd etdiyini və sualları cavablandırmaqdan imtina etdiyini bildirib.
Qeyd edək ki, Əkrəm İmamoğlunun bu gün ikinci dəfə ifadə verəcəyi bildirilir.