Gültəkin, Sevinc, Cəmil, Tural, Əli, Vəli, it-qurd... - Öz mənliyini Qərbə satanlar kimlərdir?

Gültəkin, Sevinc, Cəmil, Tural, Əli, Vəli, it-qurd... -
Gündəm 13-02-2025 - 16:28

Siyasi radikalizmin əsasını Jan-Jak Russonun fəlsəfi dünyagörüşü təşkil edir. Russo isə çoxluğun iradəsini dövlət idarəçiliyi və qanunların qəbul edilməsində prioritet hesab edirdi. Azərbaycandakı marginal qruplar və fərqli xüsusi xidmət orqanlarının, üzündən “xəyanət yağı” daman bəzi sabiq məmurların, erməni diasporunun idarəçiliyində olsalar da onlarla konkret zaman kəsiyində birgə hərəkət edən “söyüş terminatorları”nın fəaliyyəti azlığın iradəsinin şantaj yolu ilə, zorla, ictimai-siyasi dəyərlər sisteminə müharibə elan etməklə çoxluğa sırınmasına yönəlib. Burada söhbət çoxluğun siyasi hakimiyyətə münasibətindən getmir. 

Bu sözləri Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O, qeyd edib ki, haqqında söz açdığı çoxluq siyasi sabitliyin və təhlükəsizliyin dinc birgəyaşayışın təməlini təşkil etdiyini anlayan, dövlət idarəçiliyinin islahatlar yolu ilə modernləşməsini arzulayan, regionda və dünyada baş verən proseslərin mahiyyətini dərk edən insanlardır:

Çoxluğun iradəsinə qarşı savaş açanlar isə siyasi radikal cərəyanların təmsilçiləri deyil, siyasi ekstemistlərdir. Qeyd edim ki, siyasi məqsədlərinə çatmaq üçün ən sonuncu vasitələrdən, o cümlədən terror aksiyalarından istifadə edən fərdlər və ya qruplar siyasi ekstremist adlandırılırlar. 

Azərbaycandakı marginal qrupların və ölkədən kənardakı “söyüş terminorları”nın davranışları isə yalnız və yalnız siyasi ekstremizmin kriteriyalarına uyğun gəlir. Ölkəni səngərlərə, cəmiyyəti barışmaz qütblərə bölmək istəyən bu d(s)öyüş strategiyası isə şübhəsiz ki, məqsədyönlü şəkildə seçilib. Bəs məqsəd nədən ibarətdir?

Siyasi mübarizədə bütün ənənəvi metodları sıradan çıxarmaq, ictimai-siyasi münasibətləri daha geniş müstəvidə barışmaz həddə çatdırmaq, Azərbaycan xalqının ənənəvi tolerant dünyagörüşünə, ictimai-siyasi münasibətləri tənzimləyən mənəvi dəyərlərə, əxlaq kriteriyalarına, birgəyaşayış qaydalarına zərbə vurmaq, Siyasi opponentlərin, insanların bir-biri ilə söyüşlə, təhqirlə danışmasını adi hala çevirməklə, ənənələri gözdən salmaqla qeyri-ənənəvi olan hər şeyin siyasi mübarizədə məqbul olduğunu qəbul etdirmək, Cəmiyyətin fərqli düşünən fərdləri arasına düşmənçilik toxumu səpmək və bu düşmənçiliyi dövlət idarəçiliyi, siyasi münasibətlər sisteminə daşımaqla dövləti və ictimai təhlükəsilik mexanizmlərini sıradan çıxarmaq, Dövlətin və xalqın immun sistemini məhv etməklə onları kənardan daxil olan bütün neqativ ssenarilər qarşısında müqavimətsiz qoymaq...

Əslində bu strategiyanın hədəfləri yeni deyil və bu gün xaosun dibinə yuvarladılmış, sabitliyini on, bəlkə də daha çox illər ərzində bərpa edə bilməyəcək bir sıra ölkələrdə sınaqdan çıxarılıb. Lakin Azərbaycana qarşı yönəlik strategiyanın “ərəb cəhənnəmi”nə çevrilən ölkələrdə həyata keçirilən ssenarilərdən müəyyən taktiki və strateji fərqləri var. Şübhəsiz ki, hədəf eynidir.

Fərqlər isə Azərbaycan xalqının dünyagörüşü, intellektual və mədəni səviyyəsi, daşıdığı dəyərlər, ölkədə mövcud olan ictimai-siyasi münasibətlər sisteminin real mənzərəsi ilə bağlıdır. Məhz bu səbəbdən də Azərbaycana qarşı d(s)öyüş strategiyasını ssenarisini cızan dairələr “ərəb cəhənnəmi”nin gerçəkləşdirildiyi ölkələrdə daha öncə mövcud olan, aşırı sosial ədalətsizlikdən, hüquqi nihilizmdən, təhsilsizlikdən, intellektial və mədəni potensialın aşağı olmasından və digər neqativ səbəblərdən qaynaqlanan atmosferi ölkəmizdə süni surətdə yaratmaq yolunu seçiblər. Ən ağır söyüş və təhqirlərlə müşaiyət olunan və özfəaliyyət elementləri ilə pərdələnən iyrənc anti-Azərbaycan kampaniyalarının əsasında da məhz bu məqsədlər dayanır.

Elçin Mirzəbəyli

Əslində bu kampaniyalar dövlətimizə, xalqımıza, istiqlal ideallarımızın keşiyində dayanan şəxsiyyətlərimizə qarşı həyata keçirilən terror aksiyalarıdır. Sadəcə hələlik silahdan və partlayıcı maddələrdən istifadə edilmir. Bu siyasi mübarizə deyil və bu adamların da siyasi mübarizəyə heç bir aidiyyatı yoxdur.

Bu siyasi ekstremizm və terrorizmdir. Terrorçularla isə danışıq aparmırlar!

Siyasi ekstrimizmin girdabına isə, bir qayda zəif xarakterli, təsir altına tez düşən, yaxud şərəfini, ləyaqətini piştaxta üzərinə çıxaranlar yuvarlanırlar. Alman şair-dramaturqu Yohan Volfqanq Hotenin belələri ilə bağlı çox dəyərli bir deyimi var. Höte yazır ki, “zəif xarakterli adamlarda çox zaman radikal və inqilabi qənaətlər yaranır. Belələri düşünürlər ki, onları idarə etməsələr daha yaxşı olar. Amma başa düşmürlər ki, nə özlərini, nə də başqalarını idarə etmək gücündə deyillər".

Kimlərdir Azərbaycana qarşı davamlı “söyüş kampaniyası”nı stimullaşdıranlar və onların himayədarları? Zənnimcə, bu sualın cavabını Azərbaycanda bilməyən yoxdur. Azərbaycanın uğurlarına münasibətdə adının antonimi olan Sevinc, Tural, Cəmil, Gültəkin, Əli, Vəli, it-qurd... Bu adları sadalamaqla nə dəyişəcək ki? Adamın adını oz zaman çəkərlər ki, onun varlığında şəxsiyyət amili olsun. Ağzı söyüşlə, təhqirlə, həqarətlə açılan, şərəfini xarici maraqlara, oğru və quldur xislətlilərin məsuliyyətdən yayınmaq üçün ötürdüyü pullara sipər edənlərin toplumunun bir adı var...  Bu baxımdan, belələrinin adı heç nə ifadə etmir və öz ağızlarından çıxan və mənim leksikonumda omayan ifadələr kimi səslənir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: