Əgər könüllü gəlsələr, bu güzəşt ediləcək - DETALLAR

Əgər könüllü gəlsələr, bu güzəşt ediləcək -
Siyasət 18-03-2025 - 12:10

“Azərbaycanda cinayət-prosessual qanunvericiliyə uyğun olaraq, həmin şəxslər əgər könüllü şəkildə Baş Prokurorluğa, yəni istintaq orqanına gəlsələr və istintaqla əməkdaşlıq etsələr, onların ittiham olunduqları cinayət əməlləri sübuta yetirildiyi təqdirdə, məhkəmənin hökmü ilə barələrində cəza təyin ediləcək. Bu halda, onların könüllü şəkildə istintaq orqanlarına gəlməsi və əməkdaşlıq etməsi yüngülləşdirici hal kimi nəzərə alına bilər”.

Bunu Ajans.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib. O qeyd edib ki, əgər həmin şəxslər özləri Baş Prokurorluğa gəlməsələr, Azərbaycan digər addımlar ata bilər:

“Azərbaycan dövlətinin bir sıra ölkələrlə, o cümlədən Avropanın bəzi dövlətləri ilə cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı razılaşmaları mövcuddur. Dəfələrlə şahidi olmuşuq ki, Avropanın müxtəlif dövlətlərindən, Ukraynadan, Rusiyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən cinayət törətmiş şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı addımlar atılmışdır. Bu addımlar qanunvericiliyə uyğun həyata keçirilmişdir.

Eyni zamanda, Azərbaycan ərazisində digər dövlətlərə qarşı cinayət törətmiş şəxslərin həmin dövlətlərə təhvil verilməsi də həyata keçirilir. Ona görə də düşünürəm ki, bu ilkin addımdır və cinayət işi başladılmışdır. Bu şəxslər dəvət edilmişdir və gələcəkdə Azərbaycan dövləti həmin şəxslərin ölkəyə gətirilməsi, ilkin istintaqa cəlb edilməsi və barələrində ətraflı araşdırma aparılması üçün bütün müvafiq qanuni tədbirləri görəcək”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb. Onlar bir sıra cinayətlərdə şübhəli bilinirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: