ChatGPT bir saat ərzində bir milyon istifadəçiyə çatdı

OpenAI, ChatGPT-nin son yeniləməsi ilə rekord səviyyədə istifadəçi artışı yaşandığını açıqlayıb.
Ajans.az xəbər verir ki, yeni funksiyaların əlavə olunması ilə platformaya cəmi bir saat ərzində 1 milyon yeni istifadəçi qoşulub.
OpenAI CEO-su Sam Altman, bu tarixi hadisəni X platformasında paylaşaraq, "ChatGPT-ni ilk dəfə təqdim etdikdə, bir milyon istifadəçiyə beş günə çatmışdıq. Bu dəfə cəmi bir saat ərzində bu rəqəmə nail olduq", - deyə, bildirib.
Yeni funksiyalar, xüsusilə süni intellektlə vizual yaradılma imkanı, böyük marağa səbəb olub. İstifadəçilər artıq ChatGPT vasitəsilə mətn əsasında birbaşa şəkillər yarada bilirlər.
OpenAI, sistemlərin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edib. Altman, tələbin yüksək olduğunu və komandanın serverlərin sabit işləməsi üçün durmadan çalışdığını bildirib.
Bundan əlavə, OpenAI, yaxın zamanda GPT-4.5 yeniləməsini təqdim edəcəyini elan edib. Yeni model, daha güclü emosiya anlayışı və dərin məzmun analizi ilə təkmilləşdirilmiş təcrübə vəd edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.