"Bu təhlükəli oyunları dayandırın!" – Prezident Ermənistana hansı mesajları göndərdi?
“Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil”, - bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Prezident əlavə edib: “Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!
Maraqlıdır, Prezident İlham Əliyevin çıxışında Ermənistanın arxasında duran gücləri kimlərdir və onların məqsədləri nələrdir? Prezident "dayandırın bu təhlükəli oyunları" ifadəsi ilə hansı konkret addımları nəzərdə tutur?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Ajans.az-a açıqlamasında bildirib ki, Prezident ötən gün nəniki Ermənistana, həm də onlara dəstək olan dövlətlərə sərt reaksiya Verdi:
“Qərbin həyata keçirdiyi siyasət nəticəsində bu gün təəssüflə qeyd etməliyik ki, Ermənistan bölgədə sülhü təhdid edən əsas faktora çevrilib. Çox təəssüf ki, hazırda bu mənada bəzi dövlətlərin Ermənistana dəstəyi davam edir. Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan bu cür təhdidlərə çox dözməyəcək. Azərbaycan uzun müddət Ermənistanın bu kimi addımlar atmasına biganə qalmayacaq. Ermənistan və onun havadarları öz niyyətlərindən əl çəkib bu cür addımlara son qoymalıdır”.
Deputat qeyd edib ki, Prezident "heç kim bizi çəkindirə bilməz" ifadəsi ilə Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa hazır olduğunu vurğuladı, bu da Ermənistana və onun arxasında duran dövlətlərə ünvanlanan ciddi xəbərdarlıq idi:
Ceyhun Məmmədov
“Prezident İlham Əliyevin son çıxışında bir neçə mühüm siyasi mesajı nəzərə çarpır. Əvvəla, o, Ermənistanın Qarabağda törətdiyi dağıntılar üçün yalnız Ermənistanı deyil, həm də bu ölkəyə silah və siyasi dəstək verən Qərb ölkələrini günahlandırdı. Prezident burada birbaşa olaraq Qərb dövlətlərinə işarə edərək onların Ermənistana verdiyi dəstəyin Cənubi Qafqazda sülh və təhlükəsizliyə mane olduğunu bildirdi”.
Ceyhun Məmmədov əlavə edib ki, ABŞ, Fransa və digər Qərb ölkələrinin atdığı addımlar Ermənistanı yeni cinayətlərə və təxribatlara sövq edir. Bu yanaşmalar, bu kimi təxribatlar və əməllərə son qoyulmalıdır. Prezident dünənki çıxışında Ermənistana ciddi mesajlar göndərdi. Ümid edirik ki. Bu onlar üçün bir dərs olar.