“Direktor və direktor müavinləri ixtisaslarına uyğun sertifikasiyaya cəlb olunacaqlar”.
''Ajans.az'' xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yanvarın 6-da keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.
O bildirib ki, bununla bağlı konkret vaxt təyin olunmayıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi ''Ajans.az''a bildirib ki, təhsil nazirinin dediyi kimi direktor və müavinlər ixtisaslarına uyğun sertifikasiyaya cəlb olunaraq bilik və bacarıqları yoxlanılacaq:
''Digər bir tərəfdən konkret vəzifəyə uyğun sertifikasiya prossesi də həyata keçirilə bilər. Burada həmin şəxslərin təhsil haqqında qanunvericiliyi və normativ hüquqi aktları bilmələri vacibdir. Nazirliyin burada əsas məqsədi təhsil müəssisələrində düzgün idarəedicilərin olmasını təşkil etməkdir. Yəni, həmin şəxslər qanunvericiliyin tələblərini pozmayan, öz vəzifə və səlahiyyətlərinin öhdəsindən gələn, idarəetmə qabiliyyəti yüksək olmalıdır. Əgər direktor və müavinlər sertifikasiyadan keçmədikləri təqdirdə əmək müqavilələrinə xitam veriləcək. Onların yerinə daha uyğun namizədlər gətiriləcək. Bu da təhsil müəssisələrinin idarə edilməsində, ümumi təhsil alanlar adına müsbət effekt verəcək. Qeyd edim ki, sertifikasiyadan uğurla keçən direktor və müavinlərin əmək haqqına müvafiq artımlar nəzərdə tutulur".