Bu ərazidə evlər "su qiyməti"nə satışa çıxarıldı: Kvadratmetri 600-800 azn-ə VERİLİR

Bu ərazidə evlər "su qiyməti"nə satışa çıxarıldı:
Cəmiyyət 17-01-2025 - 15:19
 2207

Son vaxtlar Abşeron rayonunun mərkəzi hesab olunan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir.

Şəhərdə yeni inşa olunan binalardan tutmuş, köhnə mənzillərə qədər geniş bir əmlak bazarının hərəkətlənməsi diqqət çəkir. Əmlak sahiblərinin birdən-birə satışa yönəlməsinin səbəbləri əhalinin marağına səbəb olub. Bu artım iqtisadi çətinliklər, əmlakın dəyərdən düşmə qorxusu və ya bazar tələbatının dəyişməsi ilə əlaqəli ola bilər. 

Xırdalan kimi strateji mövqedə yerləşən bir şəhərdə bu cür intensiv satış tendensiyası müzakirələrə səbəb olub. Elan saytlarının əksəriyyətində kvadratmetri 1500 azn-ə təklif olunan mənzillərin qiyməti hazırda 1000-1300 azn arasında dəyişir. Təmirsiz binalarda isə 600-800 azn aralığında dəyişir.

Məsələ ilə bağlı Bakı Rieltorları Assosiasiyasının icraçı direktoru, əmlak məsələləri üzrə ekspert Elnur Azadov Ajans.az-a açıqlamasında bildirib ki, Xırdalan əvvəllər Bakı şəhər meriyasına tabe olmadığı üçün ayrıca idarəetmə strukturuna malik idi və bu, tikinti sektoruna öz müsbət təsirini göstərmişdi:

"Xırdalanda sərəncamların verilməsi Bakı şəhərindən və Dövlət Arxitektura Komitəsindən daha az asılı idi. Bu səbəbdən, son 10 ildə Xırdalan şəhərində bina tikmək üçün əlverişli şərait mövcud idi. Torpaqlar geniş idi, icazə almaq isə asan. Həmin dövrdə ölkə üzrə ən çox bina tikilən ərazilərdən biri Xırdalan idi. Bu, tikinti şirkətləri arasında ciddi rəqabətə səbəb olmuşdu. Lakin hazırda rəqabət tikinti şirkətləri arasında deyil, mənzil satanların arasındadır. Artıq tikinti üçün yeni sərəncamlar verilmir və bu, bazarda təklifin artmasına səbəb olub".

Ekspertin sözlərinə görə, Bakı-Abşeron bölgəsində ən çox aztəminatlı əhali Xırdalan və Masazırda məskunlaşıb:

"Regionlardan gələn aztəminatlı ailələr Xırdalanda mənzil sahibi olmağa üstünlük verirdi, çünki bu ərazidə mənzillərin qiyməti daha münasib idi. Bu isə şəhərdə sıxlığın artmasına və yaşayış şəraitinin çətinləşməsinə səbəb olub. Hazırda Xırdalan ərazisində yeni tikilən binalar, satılmamış mənzillər və fərdi evlər müşahidə edilir. Bu tendensiya yaxın illərdə yaşayış vəziyyətinin daha da xaotik hala gələcəyini göstərir."

Elnur Azadov

Azadov qeyd edib ki, Xırdalan sakinlərinin üzləşdiyi əsas problemlərdən biri də nəqliyyatdır. Şəhərdə tıxaclar artıq adi hala çevrilib. İnsanlar iş yerlərinə vaxtında çatmaqda çətinlik çəkir və bu da əmlak bazarına təsirsiz ötüşmür:

Hazırda Xırdalanda həm yeni tikililər, həm də köhnə mənzillər kütləvi şəkildə satışa çıxarılır. Bu proses yaxın illərdə şəhərdə iqtisadi və sosial problemlərin artmasına səbəb ola bilər. Mənzil bazarının sabitləşməsi üçün nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, tikinti proseslərinin daha ciddi şəkildə tənzimlənməsi və sosial layihələrin həyata keçirilməsi vacibdir.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: