Bitib tükənməyən dəm qazı bəlası- Evimizdəki səssiz təhlükə
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.
‘’Ajans.az’’ xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Ləman Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Payız-qış mövsümündə təbii olaraq qazın istifadəsinə tələbat xeyli artır. Havaların soyuması dəm qazı “tor”una düşənlərin də çoxalmasına səbəb olur. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır.
Sual yaranır. Bəs, dəm qazı təhlükəsindən necə qoruna bilərik? Bunun üçün hansı qaydalara əməl etməliyik?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Ajans.az”a açıqlamasında bildirib ki, qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi ön planda olmalıdır:
‘’İlk olaraq qazın təhlükəsiz istismarı həyata keçirilməlidir. Dəm qazı natamam yanma məhsuludur. Yanma prossesi düzgün getmədikdə dəm qazından zəhərlənmə baş verir. Qaz cihazı olan yerdə təhlükəsizlik tələblərinə riayət etmək vacibdir. Beləki otaqda havalandırmanın olmasına diqqət etməliyik. Tüstü bacalarını işlək vəziyyətdə saxlamalıyıq. Yəni, ildə iki dəfədən az olmayaraq, hər il onun texniki müayinəsi aparılmalıdır. Bu nüans yanma prossesini əngəlləmək üçün önəmlidir. Əlavə olaraq dəm qazı əleyhinə detektorlar quraşdırılmalıdır. Bununla dəm qazı əmələ gəldikdə səs siqnallarının köməyi ilə istifadəçi məlumatlandırılır. Ona görə də qaz cihazlarına dair tələblərə əməl edilməlidir. İki gözlü qaz peçi üçün otağın ölçüsü minimum 8, üç gözlü qaz peçi üçün 12 və 4 gözlü qaz peçi üçün isə 15 kvadrat olmalıdır. Əlavə olaraq su qızdırıcı quraşdırılarsa, otağın ölçüsünün 20 kvadrat olması şərtdir. Qeyd edim ki, hamam otaqlarında qaz cihazının mövcudluğu təhlükəsizlik baxımından uyğun deyil".