Bakıda kirayə mənzillərin qiyməti BAHALAŞACAQ- MÜHÜM AÇIQLAMA

Qəzalı vəziyyətdə olan köhnə binalar söküləcək. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Şəhər ərazisində mərhələli şəkildə söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov ''Ajans.az''a bildirib ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır:
" Beləki artıq tələb təklifi həddən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar söyləyirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəl bazara gün ərzində 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum 7-8 olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər. Çünki seçim azdır. Kirayə elan paylaşılan mənzil maksimum 2-3 saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyəti əşyasız kirayə verirlər’’. A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz, söküntü işləridir:
"Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır, qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur".