Azərbaycan İsraillə saziş imzaladı

Azərbaycan İsraillə
Gündəm 17-03-2025 - 19:39

Bu gün Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.

 Ajans.az xəbər verir ki, bu barədə “Röyters” yazıb.

Qeyd edilib ki, Dövlət Neft Şirkəti (SOCAR), BP, və İsrailin “NewMed Energy” şirkəti tenderin qalibi olaraq İsrail sularında təbii qaz kəşfiyyatı aparmaq üçün lisenziya qazanıblar. Hər bir şirkət lisenziya üzrə təxminən üçdə bir hüquqa sahib olacaq.

SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün təkliflərini verib. Məlumata görə, konsorsiumda 33,34% paya sahib olan SOCAR kəşfiyyat layihəsinin operatoru seçilib. Lisenziya ilkin olaraq üç il müddətinə verilib.

Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramını əhatə edən plan təqdim etməlidir.

Yeri gəlmişkən, BP ilk dəfədir İsrailin təbii qaz sektorunda iştirak edir. “NewMed”ə gəlincə, artıq “Leviathan”da böyük paya sahibdir.

"Klaster I" Aralıq dənizində yerləşir və 1,700 kvadrat kilometr ərazidir. Kəşfiyyatın birinci mərhələsində konsorsiumun seysmik və geoloji tədqiqatlar aparması, ikinci mərhələdə isə tədqiqat nəticələrinə əsasən qazma işlərinin həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, 2023-cü ildə BP, SOCAR və “NewMed Energy” üçlüyü dördüncü lisenziya raundunda iki dəniz bloku üçün birgə təklif verib. İsrailin energetika nazirliyi əlavə lisenziyaların verilməsinin gözlənildiyini və bu ilin sonuna qədər beşinci tender raundunun planlaşdırıldığını bildirib.

PAYLAŞ: