Avropa Trampın Aİ-yə düşmən olduğunu DEYİR

Avropa Trampın Aİ-yə düşmən olduğunu
Tramp
Siyasət 28-02-2025 - 17:21

ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı fikir ayrılıqları yeni ölçülər alır və Vaşinqtonla Moskvanın yaxınlaşması ilə daha da dərinləşir.

Ajans.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələrindən birinə görə, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına düşmən münasibət bəsləyir. Adının çəkilməsini istəməyən Brüsseldəki yüksək rütbəli mənbə “Trampın artıq Aİ-ni müttəfiq kimi yox, rəqib kimi gördüyünə dair artan işarələr var” deyib.

Nəşr Avropa rəhbərliyi ilə Amerika administrasiyası arasında əlaqələrin mürəkkəbliyinə diqqət çəkib. Beləliklə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen fevralın ortalarında Münhendə vitse-prezident J.D.Vans ilə görüşsə də, Trampla görüş təşkil edə bilməyib. Həmçinin, son anda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və ABŞ Dövlət Katibi Marko Rubio arasında keçiriləcək görüş “təqvim məsələləri” səbəbindən ləğv edilib.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAllisterin sözlərinə görə, hazırda ABŞ və Avropa arasındakı fərqlər “demokratiya, qanunun aliliyi və açıq cəmiyyət haqqında fundamental anlayışda”dır. “Tramp administrasiyası bir tərəfdən tarixən güclü tərəfdaşlıqlar və onlarla birlikdə gedən diplomatik razılaşmalar, digər tərəfdən antidemokratik və avtoritar qüvvələr arasında fərq qoymaq istəmir” deyə izah edib.

Fevralın 14-də vitse-prezident J.D.Vens Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Aİ-nin hakim güclərini tənqid edərək onları söz azadlığını boğmaqda, demokratiyanı alçaltmaqda və sağçı populistləri qəsdən siyasətdən sıxışdırmaqda ittiham edib.

Fevralın 27-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Amerika lideri Donald Trampın administrasiyası ilə ilkin təmaslar ümid doğurur. O qeyd edib ki, “indiki amerikalı tərəfdaşlar praqmatizm nümayiş etdirirlər” və eyni zamanda ABŞ-nin əvvəlki administrasiyasının stereotiplərindən əl çəkirlər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: