Arıqlama kofelərində narkotik var - XƏBƏRDARLIQ

Arıqlama kofelərində narkotik var -
Cəmiyyət 03-04-2025 - 12:29
 179

Son günlər dünyada, o cümlədən ölkəmizdə, pəhriz və arıqlama məhsullarının zərərindən bəhs olunur. Maraqlıdır ki, bu məhsulları reklam edən məşhur simalar, bir məhsulu milyonlarla insana tövsiyə etməzdən əvvəl onu araşdırmağın vacib olduğunu bilmir ya da görməzdən gəlirlər. Görünən odur ki, pul qazanmaq həvəsi insanları laqeyd edib.

Həkim-dietoloq Şumare Qaracayeva Ajans.az-a deyib ki, artıq çəki və piylənmənin tsunami şəklində artdığı bir zamanda, hələ gənclərin arıqlamaq eşqi və sıfır bədən olmaq arzusunu nəzərə alsaq, bu mövzu çox aktual və vacibdir:

“Bazarda satılan arıqlama kofelərinin əksəriyyəti adi qəhvədən fərqli olaraq tərkibinə müxtəlif aktiv maddələr əlavə edilmiş məhsullardır. Bunlardan biri acı portağal ekstraktı olan Sinefrindir. Bu maddə termogenezi artıraraq yağ yandırmanı dəstəkləyir, lakin yüksək dozalarda ürək döyüntüsünü sürətləndirə və təzyiqi yüksəldə də bilər. Kofein isə iştahanı azalda bilər, ancaq yüksək dozada istifadə edildikdə sinir sistemi üzərində mənfi təsirlər göstərir. Yaşıl çay ekstraktı və ya EGCG antioksidant təsiri olsa da, bəzi hallarda qaraciyərə toksik təsir göstərə bilər. Laksatiflər və diuretiklər bədən çəkisini az kimi göstərsə də, bu əslində su və elektrolit itkisinə səbəb olur.”

Dietoloq vurğulayıb ki, arıqlama kofelərinin tərkibində qeyri-qanuni maddələr var:

“Bəzi arıqlama kofelərində narkotik təsirli və ya dərman maddələri (məsələn, sibutramin, fenolftalein) aşkarlanıb. Bunlar ciddi ürək-damar fəsadlarına və hətta ölümə səbəb ola bilər. Bu məhsulların sağlamlığa bir çox zərərləri var. Belə ki, ürək-damar sisteminə təsir edir. Taxikardiya (ürək döyüntüsünün sürətlənməsi), hipertoniya və aritmiya kimi xəstəliklərə səbəb ola bilər. Həmçinin yuxusuzluq, təşviş, panik atak, depressiya yaradır. Bu maddələr qaraciyər və böyrək funksiyalarına zərər verir. Qaraciyər çatışmazlığı ilə nəticələnən hallar qeydə alınıb. Tez nəticə istəyən insanlar bu məhsullardan psixoloji və fiziki cəhətdən asılı vəziyyətə düşə bilər.

Son illərdə bu tip məhsullar səbəbilə həyatını itirən və ya xəstəxanalıq olan insanların sayı artır. Bu halların çoxu sosial şəbəkələrdə influencerlərin, məşhur simaların reklamlara cəlb olunması ilə əlaqələndirilir. Təəssüf ki, bu insanlar məhsulun təsirini yox, sponsorluq müqaviləsini düşünür. Halbuki, onların izləyici auditoriyası bu məhsullara inanaraq həyatlarını riskə atır.

Arıqlama kofeləri qısa müddətli və təhlükəli nəticələrə səbəb ola bilər. Sağlam və davamlı arıqlama yalnız düzgün qidalanma, hərəkətlilik və həyat tərzi dəyişikliyi ilə mümkündür. İctimai şəxslərin bu məsuliyyətin fərqində olması və insanlara zərər verə biləcək məhsulları reklam etməməsi vacibdir.”

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: