Universitetlərdə Plagiat Problemi: Akademik Bilik, Yoxsa Pul Qarşılığında Diplom?

Dərs ilinin başa çatmasına az qalmış universitet tələbələri kurs, diplom işi təlaşına düşürlər. Günlərlə kitabxanalarda mənbə axtaran, vaxtının böyük əksəriyyətini bu iş üçün ayıranlarla yanaşı, pul müqabilində diplom işini başqalarına yazdıranlar da az deyil.
Artıq diplom, kurs işinin yazılması üçün xüsusi şirkətlər də yaradılıb. Daha çox universitetlərin yaxınlığında açılan bu şirkətlər tələbələrə sadəcə mövzunun adını deməklə hazır işi istənilən vaxtda təhvil verəcəklərini bildirir:
"Referat (sərbəst iş), kurs işi, diplom işi problemləri ucbatından dərslərinə, imtahanlarına və istirahətinə vaxt ayıra bilməyən tələbələrə şad xəbər! Sadəcə mövzunun adını verməklə hazır işinizi istədiyiniz vaxta təhvil alırsınız. İşlər hər sahənin öz mütəxəssisi tərəfindən hazırlanır. Müəllim yoxlanışından sonra hər hansı xırda nöqsanlar belə olarsa, bir gün ərzində əlavə heç bir ödəniş olmadan aradan qaldırılıb təhvil verilir. İşini peşəkara etibar etmək ağıllı insanların işidir".
Təhsil eksperti Kamran Əsədov ‘’Ajans.az’’a açıqlamasında məsələyə münasibət bildirib:
‘’Universitetlərdə kurs və diplom işlərinin əslində tələbələrin elmi tədqiqat aparmaq, analitik düşünmək, akademik yazı bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulduğu halda, son illərdə bu işlərin kommersiyalaşması ciddi problemlər yaradır. Bu gün Azərbaycanda tələbələrin bir qismi aylarla elmi araşdırma apararaq işlərini özləri yazsa da, digər qismi sadəcə pul ödəyərək başqalarına yazdırır. Hətta, bu sahədə ixtisaslaşmış şirkətlərin və fərdi şəxslərin fəaliyyət göstərməsi akademik sistemdə dərin boşluqların olduğunu göstərir. Bu cür halların yayılmasının bir neçə əsas səbəbi var. Birincisi, universitetlərdə tələbələrə tədqiqat metodologiyası ilə bağlı kifayət qədər tədris aparılmır. Bir çox tələbə kurs və ya diplom işi yazmaq üçün hansı metodlardan istifadə etməli olduğunu bilmir.Bu prosesə necə başlamağı bacarmır. Universitetlərdə elmi rəhbərlər formal olaraq təyin edilsə də, onların tələbəyə yön verməkdə nə dərəcədə aktiv olduqları sual altındadır. Bu səbəbdən bəzi tələbələr üçün ən asan yol işi başqasına yazdırmaq olur. İkinci səbəb vaxt məhdudiyyətidir. Azərbaycanda ali təhsil sistemində çoxsaylı tələbələr oxumaqla yanaşı, işləyir və ya əlavə məşğuliyyətlərlə məşğuldur. Xüsusilə axşam və qiyabi təhsil alanlar üçün kurs və diplom işinə kifayət qədər vaxt ayırmaq çətin olur. Bundan başqa, bəzi müəllimlər tələbələrdən həddindən artıq böyük həcmdə işlər tələb edir ki, bu da onların əlavə öhdəliklər səbəbindən bu işləri başqasına yazdırmasını stimullaşdırır. Digər mühüm səbəb isə kurs və diplom işlərinin plagiatlıq yoxlamasından ciddi şəkildə keçməməsidir. Bu gün bir çox universitetlərdə təqdim edilən kurs və diplom işlərinin orijinallığı yoxlanılmır. Əksər hallarda tələbələr eyni mövzuları seçir və əvvəlki illərdə yazılmış işlərdən olduğu kimi istifadə edirlər. Plagiatlıq yoxlamalarının ciddi aparılmaması tələbələri bu işləri pulla almağa daha da təşviq edir. Beynəlxalq təcrübədə plagiatlığın qarşısını almaq üçün müxtəlif metodlardan istifadə olunur. Məsələn, ABŞ və Avropa universitetlərində tələbələrin təqdim etdiyi akademik işlər “Turnitin”, “Grammarly Plagiarism Checker” kimi xüsusi proqramlarla yoxlanılır. Əgər bir işin müəyyən faizi internetdən və ya digər mənbələrdən olduğu kimi götürülübsə, tələbə akademik qaydaları pozduğuna görə cəzalandırıla bilər. Hətta, bəzi universitetlərdə plagiatlıq akademik etikaya zidd hərəkət hesab olunur. Tələbənin məzun olmamasına səbəb ola bilər. Azərbaycanda isə bu sahədə ciddi yoxlamalar aparılmadığı üçün tələbələr kurs və diplom işlərini rahatlıqla başqalarına yazdırır. Bu praktikanın qarşısını almaq mümkün olmur’’.
Ekspert diqqətə çatdırıb ki, plagiatlıq problemini həll etmək üçün bir neçə addım atılmalıdır:
‘’Əvvəla, universitetlərdə tələbələrə tədqiqat metodologiyası öyrədilməli və elmi rəhbərlər tələbələrin bu işləri həqiqətən özlərinin yazıb-yazmadığını yoxlamalıdır. İkinci addım kurs və diplom işlərinin elektron plagiatlıq proqramları vasitəsilə yoxlanılmasıdır. Üçüncü vacib məsələ isə universitetlərin tələbələrə daha praktiki və yaradıcı mövzularda işlər yazdırmasıdır. Əgər hər il eyni mövzularda işlər yazılırsa, bu zaman tələbələr köhnə işləri təkrar istifadə etmək imkanı əldə edirlər. Halbuki, yeni problemləri araşdırmaq və fərqli yanaşmalar təqdim etmək tələbələrin akademik inkişafı üçün daha faydalıdır. Əgər bu cür addımlar atılmasa, kurs və diplom işlərinin bir biznes sahəsinə çevrilməsi davam edəcək. Nəticədə tələbələrin akademik, elmi- inkişafı əngəllənəcək. Diplom işlərinin mahiyyəti yalnız məcburi bir formal prosedur olaraq qalacaq.Azərbaycan ali təhsil sisteminin keyfiyyəti aşağı səviyyədə qalmağa davam edəcək. Plagiatlıq və akademik saxtakarlıq qarşısı alınmadıqca, diplomların dəyəri azalacaq.Məzunların real bacarıqları universitetlərin verdiyi təhsilin keyfiyyətinə uyğun olmayacaq. Bu məsələ yalnız universitetlərin yox, bütövlükdə təhsil sisteminin ciddi islahatlardan keçməsini tələb edir. Plagiatlıq və pulla yazdırılan akademik işlər təhsil sisteminin dərin problemlərinin göstəricisidir. Bu sistem təkmilləşdirilmədikcə problemlər artmaqda davam edəcək’’.