Bakının belə bazaya ehtiyacı yoxdur - Prezident İlham Əliyev
Türkiyənin Azərbaycanda hansısa hərbi bazası olması ilə bağlı mətbuatda mütəmadi olaraq dərc olunan məlumatlar siyasi spekulyasiyadan başqa bir şey deyil. Bakının belə bazaya ehtiyacı yoxdur.
Ajans.az xəbər verir ki, bunu dövlətimizin başçısı İlham Əliyev VGTRK və RİA Novosti-yə müsahibəsində deyib.
“Bir sözlə, buna ehtiyac yoxdur. Zaman-zaman müəyyən KİV-də belə məlumatların yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev əmin olduğunu bildirib ki, bu cür mesajlar siyasi spekulyasiya xarakteri daşıyan yalan məlumatdır, çünki hazırda dünyanın heç bir yerində vahid hərbi baza gizlətmək mümkün deyil.
Prezident izah edib ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsinə əsasən, təcavüz və ya bu kimi təhlükələr zamanı qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan bənd var. Ona görə də bəyannamənin bu bəndi hər hansı baza və ya hərbi infrastrukturun yaradılmasını lüzumsuz edir.