Taksi sifariş edərkən niyə fərqli maşın gəlir?

Bəzi hallarda taksi sifariş verərkən, mobil tətbiqdə göstərilən avtomobillə gələn avtomobil fərqli olur.
Ajans.az bildirir ki, bu barədə istifadəçilər sosial şəbəkələrdə şikayət ediblər. Bildirilir ki, “Bolt”dan taksi sifariş edəndə başqa avtomobilin nömrəsi çıxır, gələn avtomobil isə başqa olur.
Bu kimi hallar isə təhlükəsizliklə bağlı problem yarada bilər. Belə ki, sərnişin bir problem yaşayacağı halda, yaxud bir əşyasını avtomobildə unutsa, məsələni həll etmək çətinləşəcək.
Mövzu ilə bağlı “Bolt” şirkətindən Ajans.az-a bildirilib ki, bəzi hallarda sürücülər lisenziyalı avtomobili qeydiyyatdan keçirərək, qeyri-lisenziyalı nəqliyyat vasitəsilə fəaliyyət göstərirlər:
“Bu halları nəzərə alaraq, 2024-cü ildən etibarən sürücülərin Bolt tətbiqində qeydiyyatdan keçirdiyi avtomobillə faktiki xidmət göstərdiyi avtomobilin uyğunluğunu yoxlamaq üçün rəqəmsal verifikasiya (uyğunlaşdırma) sistemi aktivləşdirilib ki bu sistem vasitəsilə sürücüdən ay ərzində bir neçə dəfə verifikasiya tələb olunur və nəticədə bele neqativ hallar daha sürətlə aşkarlanır.
Nəticədə, bu halların təkrarlanmasının qarşısı almaq məqsədilə qaydalara riayət etməyən və lisenziyasız fəaliyyət göstərən sürücülərə qarşı Bolt şirkəti tərəfindən ciddi tədbirlər görülür”.
Eyni zamanda bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, yalnız lisenziyalı nəqliyyat vasitələri “Bolt” tətbiqi vasitəsilə xidmət göstərə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.