Paşinyan: “Sizi divarlara çırparam, sizi tapdalayaram"

Nikol Paşinyan bu sözləri Ermənistanın keçmiş prezidentlərinə müraciətlə deyib: “Sizi divarlara çırparam. Bəsdirin, əsəblərimizlə oynamayın”.
Ajans.az xəbər verir ki, parlamentdə keçirilən hökumət saatında Ermənistanın baş naziri keçmiş prezidentlər Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Köçeryanı Qarabağ məsələsi ilə bağlı canlı yayımda debata dəvət edib.
“Onlar istəyirlər ki, özlərinin quraşdırdıqları kapitulyasiyanı başqalarının, daha da dəqiq desək, mənim boynuma qoysunlar. Məhz buna görə bu adamlara deyirəm. Gəlin, canlı efirdə üz-üzə danışaq. Amma bu üç nəfər fikir nəhəngi deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Amma sonra öz nəvə-nəticələrini, qız-gəlinlərini, qudalarını mətbuat konfransı verməyə göndərirlər. Əgər diskussiya edəcəyiniz bir şey yoxdursa, səsinizi kəsib yerinizdə oturun. Mən deyirəm, sizinlə mübahisə etmərəm, amma sizi divarlara çırparam və oradan sizin siyasi meyitlərinizin qalıqlarını çıxararlar. Bu hər üçünüzə aiddir. Bəsdir, əsəblərimizlə oynamayın. Sizi ayaqaltına salıb tapdalayaram. Bunu özləri də bilirlər, ona görə də diskussiyaya gəlmirlər”.
Qeyd edək ki, keçmiş prezidentlər Paşinyanı Qarabağı Azərbaycana uduzmaqda ittiham edirlər.
Serj Sarkisyan Paşinyana bəyənatında bildirib ki, “mənim xəstə adamlarla danışacaq sözüm yoxdur”. Digər iki keçmiş prezident də Nikol Paşinyanla debata çıxmaqdan imtina ediblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.