Onkoloji xəstəliklər icbari sığortaya daxil ediləcək? - Nazir CAVAB VERDİ (YENİLƏNDİ)
Onkoloji xəstələrə maliyyə ayrılması hamımızı narahat edən məsələdir.
Ajans.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
“Səhiyyə komitəsinin sədri Əhliman müəllimin fikirləri tibb sahəsindəki problemlərə fokuslanmışdı. Problemlərin olmasını heç kəs inkar etmir. Bu sahədə təkmilləşdirmələr aparılmalıdır. Bunun üçün dövlət proqramı qəbul edilir. 60 milyon manat ayrılıb. Büdcə ili ərzində də ehtiyat fondundan yardımlar edilir. Səhiyyə Nazirliyi ilə birlikdə bu istiqamətdə daha çox vəsait ayırmaq barədə düşünməliyik. Yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təklif edəcəyik”,- o bildirib.
***
"Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. İnsanlar arasında böyük tələfat verən icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur".
Ajans.az Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Beş-altı il əvvəl səhiyyənin xərcləri 780-800 milyon manat olub. Bu gün isə həmin vəsait icbari tibbi sığortanın da xərclərini nəzərə alsaq 4 dəfə artıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb", - deyə komitə sədri bildirib.