Obama bu sözlərə görə AĞLADI
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Çikaqoda tikilən yeni Prezident Mərkəzinin açılış mərasimində etdiyi emosional çıxışla diqqət mərkəzinə düşüb. O, çıxışında həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya ünvanladığı səmimi sözlərlə tədbir iştirakçılarını duyğulandırıb.
Ajans.az xəbər verir ki, mərasimdən əvvəl Obamalar "Good Morning America" proqramının qonağı olublar. Veriliş zamanı aparıcı Robin Roberts cütlükdən həyatlarının növbəti mərhələsini bir sözlə təsvir etməyi xahiş edib.
Barak Obama bu suala "Əyləncəli" cavabını verib. Mişel Obama isə qısa şəkildə "Mən" deyə cavablandırıb.
Bu cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər keçmiş birinci xanımın cavabını tənqid edərək onu eqoist davranmaqda ittiham ediblər. Digərləri isə bunun sadəcə zarafat və ya şəxsi inkişaf mərhələsinə işarə olduğunu bildiriblər.
Lakin həmin gün Prezident Mərkəzinin açılışında çıxış edən Mişel Obama həyat yoldaşına olan sevgisini və hörmətini açıq şəkildə ifadə edib.
"İllər əvvəl mənə demişdin ki, dünyanı vəd edə bilməzsən, amma maraqlı həyat vəd edə bilərsən. Sən isə özünü üstələdin və mənə həm maraqlı həyatı, həm də dünyanı bəxş etdin", – deyə o bildirib.
Mişel Obama əlavə edib ki, evlilikləri boyunca Barak Obamaya olan hörmətini itirdiyi bir an belə olmayıb.
Keçmiş birinci xanım çıxışında həyat yoldaşının siyasi fəaliyyətinə də toxunaraq onun iqtisadiyyat, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.
"Barak, səninlə bu yolu birlikdə keçmək mənim üçün böyük şərəf idi. Sən məni daha yaxşı insan etdin və hər birimiz üçün nümunə oldun", – deyə o vurğulayıb.
Mişel Obamanın çıxışı zamanı Barak Obamanın duyğularını gizlədə bilmədiyi və gözlərinin yaşardığı diqqətdən yayınmayıb.
Çıxışında o, həmçinin ABŞ-da immiqrant ailələrinin roluna diqqət çəkərək bildirib ki, həm immiqrantların, həm də yerli amerikalıların övladları ölkənin gələcəyinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, son aylarda Obamaların şəxsi münasibətləri ilə bağlı müxtəlif şayiələr yayılmışdı. Mişel Obamanın çıxışı isə bu iddialara dolayısı ilə cavab kimi qiymətləndirilib.