Müəllimlərin İşə Qəbul müsabiqəsində ödənişlər DƏYİŞİR
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirakla bağlı ödəniş qaydaları açıqlanıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli qərarına əsasən, MİQ müsabiqəsində iştirak üçün rüsum 60 manat müəyyən edilib.
Qeyd olunub ki, qeydiyyat mərhələsində namizədlərdən hər hansı ödəniş tələb olunmur. Namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra isə ödəniş mərhələsinə yönləndirilir. Ödəniş həyata keçirildikdən sonra namizədin müsabiqədə iştirak statusu aktivləşdirilir.
Qanunvericiliyə əsasən, bəzi kateqoriyalara aid şəxslər müsabiqədə ödənişsiz iştirak edə biləcəklər. Bunlar aşağıdakılardır:
- Müsabiqədə ilk dəfə iştirak edən namizədlər; - Şəhid ailələrinin üzvləri; - Müharibə veteranları; - Əlilliyi olan şəxslər; - Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik şəkildə müəyyən ediləcək.
Ödəniş isə elektron qaydada həyata keçiriləcək. Namizədlər sistem üzərindən bank kartı vasitəsilə onlayn ödəniş edə biləcəklər.