Dünya Kubokunda İranın yerinə İtaliya OYNAYACAQ
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il futbol üzrə Dünya Kubokunda İran millisinin İtaliya ilə əvəz olunmasını təklif edib.
Ajans.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
Zampolli bildirib ki, bu təklifi həm ABŞ prezidentinə, həm də FIFA prezidenti Canni İnfantinoya təqdim edib: “İranın əvəzinə İtaliyanın Dünya Kubokunda iştirakını təklif etdiyimi təsdiqləyirəm. Mən italyan əsilliyəm və ABŞ-ın ev sahibliyi etdiyi turnirdə İtaliyanı görmək arzumdur. Dördqat dünya çempionu kimi onların iştirak üçün bütün əsasları var”.
Qeyd edək ki, İtaliya yığması 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməyib. Komanda həlledici seçmə mərhələdə Bosniya və Herseqovinaya məğlub olub.
Məlumata görə, İran yığmasının G qrupunda Belçika, Yeni Zelandiya və Misir milliləri ilə qarşılaşması planlaşdırılır.
Hazırda isə bu təklifin rəsmi qurumlar tərəfindən qəbul olunub-olunmayacağı bəlli deyil və məsələ müzakirə mövzusu olaraq qalır.