İranda müharibə Azərbaycanda qiymət artımına TƏSİR EDƏCƏK?
İran-İsrail müharibəsinin başlanması ətraf ölkələr üçün də təsirsiz ötüşmədi. Üstəlik Azərbaycana 100-lərlə çox vətəndaş təxliyə olunub. Müharibənin uzanması ətraf ölkələrin iqtisadi həyatında maneələr yaradıb. Nəticədə bir sıra məhsulların qiymətində bahalaşma müşahidə edilir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli Ajans.az-a açıqlama verib.
O bildirib ki, İran-İsrail müharibəsi ölkələrin iqtisadiyyatında ciddi problemlər yarada bilməz. Lakin fəsadsız ötüşməyəcək. Əgər müharibə uzanarsa, qonşu ölkə olaraq, mənfi təsirlər artacaq.
Artıq İrandan Azərbaycana idxal olunan məhsullara qadağalar tətbiq edilir. Həmin məhsulların çoxunu da ölkəmiz istehsal edə bilir.

Ekspert deyib ki, Azərbaycan İrandan iqtisadi asılı deyil. Lakin müəyyən istiqamətlərdə alış-veriş həyata keçirilir. İlk olaraq, bir sıra ərzaq və yeyinti məhsulları çoxluq təşkil edir. Üstəlik, təmizlik vasitələri, geyim, dərmanlar buna aid edilir.
Emin Qəribli qeyd edib ki, qida məhsulları arasında kartof, şirniyyatlar, meyvə-tərəvəzin İrandan gətirilməsində problemlər olsa da, biz onu digər ölkələrdən alaraq, bərpa edə bilərik. Lakin kütləvi bahalaşma müharibənin gedişatından asılıdır.