Tehrandan gözlənilməz müharibə addımı: Nəticələri fəlakətli OLACAQ
İran BMT-nin Baş katibi Antonio Guterres-ə göndərdiyi məktubda ABŞ-nin mümkün hücumuna BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində özünümüdafiə hüququ əsasında qətiyyətlə cavab verəcəyini bildirib.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran rəhbərliyi ABŞ-nin həyata keçirdiyi hərbi yığınağın və ABŞ Prezidenti Donald Trampın açıqlamalarının sadəcə ritorika olmadığını göstərdiyini vurğulayıb:
"Nəticələri region üçün fəlakətli ola biləcək belə bir hücum beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır",- deyə Terhan rəhbərliyindən bildiriblər.
İrandan Donald Trampın hücum təhdidlərinə qarşı diqqətçəkən addım gəlib. İranın BMT-dəki daimi nümayəndəsi Amir Said Iravani BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, ABŞ-nin İrana qarşı güc tətbiqi təhdidlərinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Məktubunda Trampın İrana qarşı mümkün hərbi hücum üçün Diego Garcia bazasından istifadə edilə biləcəyi barədə açıqlamalarını xatırladan İravani bildirib: " Bu təhdidlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və regionu yeni böhran və qeyri-sabitlik dövrünə sürükləmək riski daşıyır".
Regiondakı həssas vəziyyətə və ABŞ-ın hərbi yığınağının Trampın bəyanatlarının yalnız söz olmadığını göstərdiyinə diqqət çəkən İravani qeyd edib: "Sözügedən açıqlamalar real hərbi hücum riskinə işarə edir. Nəticələri region üçün fəlakətli ola biləcək belə bir hücum beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir".
İravani vurğulayıb ki, İran BMT-nin məqsəd və prinsiplərinə, eləcə də diplomatik həll yoluna tam sadiqdir. O, ölkəsinin dinc məqsədli nüvə proqramı ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün ABŞ hökuməti ilə aparılan nüvə danışıqlarında konstruktiv, ciddi və xoş niyyətlə iştirak etdiyini bildirib. ABŞ-dən də bərabərlik prinsipi əsasında ciddi yanaşma gözlədiklərini xatırladan İravani deyib: "İran hesab edir ki, ABŞ bu danışıqlara eyni ciddilik və səmimiyyətlə yanaşar, BMT prinsiplərinə və beynəlxalq hüquq normalarına hörmət edərsə, davamlı və məntiqli həll tamamilə mümkündür".
Quterreş və BMT Təhlükəsizlik Şurasının gecikmədən hərəkətə keçməli olduğunu vurğulayan İravani əlavə edib: "Güc tətbiqi təhdidinin və təcavüz aktlarının normallaşdırılmasına, legitimləşdirilməsinə və ya qəbul edilən siyasi alətə çevrilməsinə imkan verilməməlidir. Əks halda başqa bir suveren dövlət də oxşar şəkildə hədəfə çevrilə bilər".
İranın gərginlik və ya müharibə axtarışında olmadığını, lakin özünü müdafiə etməyə qətiyyətli olduğunu bir daha bildirən İravani deyib: “Ölkəmiz hərbi hücuma məruz qalacağı təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq malik olduğu özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli və proporsional şəkildə cavab verəcək. Belə bir halda düşmən qüvvələrinə məxsus regiondakı bütün bazalar, obyektlər və aktivlər İranın müdafiə çərçivəsində legitim hədəfləri olacaq. Yarana biləcək gözlənilməz və nəzarətdən çıxan nəticələrin bütün məsuliyyəti birbaşa ABŞ-nin üzərinə düşəcək.”
İravani göndərdiyi məktubun rəsmi sənəd kimi BMT-yə üzv dövlətlərə təqdim olunmasını da xahiş edib.
