Qonşu ölkədə əcnəbilərin işləməsi MƏHDUDLAŞDIRILDI
Gürcüstanda 1 martdan etibarən əcnəbilərin ölkədə işləməsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu addım həm ölkə iqtisadiyyatını, həm də vətəndaşların maraqlarını qorumaq məqsədi daşıyır.
Ajans.az apsny.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İrakli Kobaxidze açıqlama verib. Baş nazir bildirib ki, hökumət qanunun effektiv tətbiqi üçün tam məsuliyyəti üzərinə götürür.
Kobaxidze qeyd edib ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son bir ildə əvvəlki 10 ildəkindən daha çox qanunsuz miqrantı ölkədən çıxarıb. Departamentin gücləndirilməsi sayəsində yaxın bir neçə il ərzində ölkədə sayı 20.000-i keçən qanunsuz miqrantların tamamilə aradan qaldırılması planlaşdırılır.
“1 martdan etibarən əcnəbilərin Gürcüstanda işə götürülməsi qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq və bu da həm iqtisadiyyatımızı, həm də vətəndaşlarımızın maraqlarını qorumağa imkan verəcək”, – deyə baş nazir bildirib.
O həmçinin xatırladıb ki, 2017-ci ildə hökumət Gürcüstan Konstitusiyasına dəyişiklik edərək kənd təsərrüfatı torpaqlarının əcnəbilərə verilməsini qadağan edib. Kobaxidze vurğulayıb ki, Gürcüstanın milli və dini kimliyini qorumaq hökumətin əsas prioritetlərindən biridir.